Bakıdan Rusiyaya KRİTİK HƏMLƏ – Putin Türkiyənin təklifini QƏBUL ETDİ

  • By admin
  • 30 Mart 2022 16:04
Bakıdan Rusiyaya KRİTİK HƏMLƏ - Putin Türkiyənin təklifini QƏBUL ETDİ

Gununsesi.info Milli az.-a istinadən xəbər verir ki ,Bu gün Avrasiyanın meridian xəttini təşkil edən Türkiyə və Azərbaycan regional, eləcə də qlobal məsələlərdə birgə addımlayaraq hər ötən gün dünya üçün daha əhəmiyyətli bir platformaya çevrilməyə başlayır. Biz buna dünyanın, ən böyük beyin mərkəzlərinin aciz qaldığı Şərqi Avropadakı son porseslərdən daha aydın şəkildə şahidik. Belə nəticə çıxır ki, Türkiyə və Azərbaycanın birgə əl qoyduğu istənilən məsələ çox uğurla bütün dünyanın arzuladığı, ədalətin qorunub saxlanılması prinsipi əsasında həllini tapa bilər.

Söhbət Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülhün əldə edilməsi istiqamətində bu iki qardaş ölkənin birgə səyindən, atdıqları addımlardan gedir. Dünən İstanbulda Rusiya-Ukrayna danışıqlarınının 4 saat davam edən ilk raundu başa çatdı. Amma yaxın keçmişə bir nəzər salaq…

Azərbaycan Prezidentinin martın ilk 10 günlüyündə qardaş Türkiyəyə rəsmi səfəri baş tutdu. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında keçirilən görüş nə az, nə çox, düz 4 saat davam etdi.

Ardınca Türkiyə Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bundan öncə Antalyadaki diplomatik forumda Rusiya və Ukrayna XİN rəhbərlərini bir araya gətirdi. Üzərindən iki həftə sonra (dünən – 29 mart) isə Ərdoğanın iştirakı ilə Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü baş tutdu və demək olar ki, XİN rəhbərlərinin təmasından fərqli olaraq bu dəfəki cəhd nəticəsini verdi. İstanbulda münaqişə tərəfləri Ukrayna və Rusiya nümayəndə heyətinin 3 saatlıq görüşü əsnasında müəyyən razılıqlar əldə edildi.

Tərəflər yazılı təsdiq ediblər ki, Ukrayna tərəfi neytral və NATO-ya qoşulmayan, həm də nüvə silahsız bir dövlət kimi qalacaq. Rusiya tərəf də bəyan edir ki, Ukraynadakı hərbi aktivliyini, raket atəşlərini dayandırır. Ukraynaya qarşı “denasifikasiya” və həm, “demilitarizasiya” kimi məntiqə sığmayan mənasız şərt və tələblər ortadan tam qaldırılır. Münaqişənin daha mürəkkəb hissəsi hesab edilən, Donbass və Krım məsələləri İstanbulda baş tutacaq Rusiya, Ukrayna xarici işlər nazirlərinin iştirakı ilə aparılan növbəti görüşdə müzakirə olunacaq. Və yekun sazişə hər iki ölkənin prezidentlərinin görüşü ilə son veriləcək.

Belə götürsək, Rusiya hərbi hücumları saxlayıb, ordunu Ukraynadan çıxarmaqla, bu müharibəni başlatmağa səbəb kimi göstərdiyi tələblərdən imtina etmiş sayılır. Krım, Donbas problemləri isə onsuz da, müharibəyə qədər də, vardı. Ukrayna isə əvvəldən də neytral olub və nüvə silahı yox idi. Göründüyü kimi müharibənin başlaması üçün ilk dəqiqələrdən hər iki tərəfə müxtəlif vasitələrlə təsir edən Qərbin, xüsusilə Amerikanın başlatadığı müharibəni Türkiyə bitirmək qətiyyətini ortaya qoyaraq demək olar ki, bu yolda əsas stereotipi qırmağı bacardı. Belə nəticə çıxır ki, Ərdoğan son zamanlar Putinlə aralarındakı telefon danışıqları zamanı onu inandırmağı bacardı ki, bu, Rusiya üçün son fürsət ola bilər.

Tərəflərin açıqlamalarından belə anlaşılır ki, hər iki tərəf müharibənin dayanmasının tərəfdarıdır, sadəcə bunu etmək üçün onların güvənəcəyi bir ortaq vasitəçiyə ehtiyac var idi. O vasitəçi ki, sözü və əməli dürüst olsun. Proseslər göstərir ki, bu gün istər Kiyev, istərsə də Moskva bu baxımdan daha çox kürəklərini söykəyəcəkləri dövlətlər elə Azərbaycan və Türkiyədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasını xatırlasaq əslində bir çox məqam aydınlanmış olacaq. Ərdoğan 5 gün əvvəl bu açıqlaması zamanı bildirdi ki, “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bir günlük səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, həm də Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu haqda çox açıq və aydın danışmaq imkanımız oldu”.

Türkiyə lideri bununla təsdiq etmiş oldu ki, Kreml rəhbərini razı salmaq, müharibənin Rusiya, region üçün ağır nəticələri olacağına inandırmaq yolunda Azərbaycan Prezidentinin verdiyi bilgilər olduqca əhəmiyyətli oldu. Rəsmi Bakının özü də müharibənin ilk günlərindən etibarən fərdi şəkildə Moskva və Kiyevlə təmaslarını bir an olsun belə kəsmədi. İstanbulda danışıqların getdiyi vaxt Rusiya Müdafiə Nazirliyini Krım və Çerniqov istiqamətində hücumu ciddi şəkildə azaltmaq qərarı görüşün effekt verməyə başladığı mesajı (Sergey Şoyqu bildirir ki, müharibənin birinci mərhələsində əsas tapşırıqlar yerinə yetirilib, bundan sonra əsas məqsədə – bütün diqqəti Donbas yönəldəcəklər. – red) ola bilər.

Ankara və Bakı bununla da bir daha göstərdi ki, dünyada sülhün, əmin-amanlığın tərəfdarıdırlar, onlar bunu sözdə yox, əməldə də bacarırlar. İki qardaş ölkə beləcə materikdə və dünyada nüfuzlarını bir az da qaldırdılar. Bakı və Ankaranın bu təşəbbüsü Kiyev üçün nə qədər əhəmiyyətli idisə, Moskva üçün də həyati əhəmiyyət daşıyırdı. Çünki savaşın başladığı ilk günlərdən misli-bərabəri olmayan minlərlə sanksiyalara məruz qalan Rusiyanın bu situasiyada ayaqda qalması hər ötən gün daha da çətinləşirdi.

Rusiya tərəfi şimal cəbhəsində Kiyev istiqamətindəki hərbi aktivliyini azaldacağını açıqlayaraq paytaxt Kiyevi tutmaq niyyətinin olmadığını göstərməyə çalışdı, hətta bunu jest kimi təqdim etmək istədi. Ancaq bu istiqamət Rusiyanın ən problemli cəbhəsi hesab oluna bilərdi, hətta son iki gündə Ukraynanın bu istiqamətdə əks-hücumları da başlamışdı. Bu mənada Rusiyanın bu cəbhədə aktivliyi azaltması jestdən daha çox Ukrayna ordusunun güclü müqaviməti ilə üzləşməsi məsələsinə bağlı kimi göründü. Rusiya silahlı qüvvələri müharibənin ilk günləri ilə müqayisədə ələ keçirdiyi müxtəlif şəhər və rayonlardan artıq geri oturdulması ilə diqqət çəkməyə başladığı bir vaxtda Bakı və Ankaranın tərəflər arasında ortaq razılıq üçün göstərdiyi səy Kreml üçün göydəndüşmə də hesab edilə bilər.

Kreml vəziyyətdən çıxmaq üçün yollar axtardığı bir vaxtda İstanbul razılığı Moskvaya yalançı “qələbə hekayəsi” uydurmaq baxımından olduqca əhəmiyyətli idi. Çünki Rusiya rəhbərliyi də çox yaxşı anlayırdı ki, Qərb bu müharibənin dayandırılmasının tərəfdarı deyil. Moskva da özünə sığışdırmırdı ki, Ukraynada daxil olduğu şəhərlərdən geri çəkilsin. Hökümət dərk edirdi ki, Moskvanın belə bir qərarı Kreml divarlarında ciddi çatlar yarada bilər, Rusiyada “o zaman niyə bu qədər insanı qırğına verdin? niyə övladlarımızı ölümə apardın?” kimi böyük sualların ortaya çıxaracağı kütləvi etirazlara yol aça bilərdi. O səbəbdən də İstanbul görüşü bir növ Moskvanın əlinə böyük səbəb verdi ki, savaşda daha çox qan itirmədən, immuniteti daha çox zəifləmədən ayrılsın.

Təbii ki, buna görə də Moskvanın Bakı və Ankaraya bir can borcu olduğunu deyə bilərik. Heç kəsə sirr deyil ki, ümumi vəziyyət Kremlin xeyrinə olsaydı Rusiya bir addım da geri çəkilmək barədə düşünməzdi, əksinə Kiyevin bir addımlığına gəlib çıxmışkən, paytaxta da qoşun yeritməklə qələbəsini taclandırmaq barədə düşünə bilərdi. Demək ki, rəsmi Moskva proseslərin ziyanına cərəyan etdiyini çox düzgün analiz edib və vəziyyətdən çıxmaq üçün bu imkandan maksimum yararlanmaq barədə düşünür.

Gununsesi.info