Bakının 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş plan hazırlanır

  • By admin
  • 19 Sentyabr 2019 13:26

Bakının gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş plan hazırlanır.

Gununsesi.org verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud deyib. 

R.Mahmudun sözlərinə görə, paytaxt və rayonların hərtərəfli inkişafı üçün ciddi müzakirələr aparılır:

“Ötən illər ərzində komitə tərəfindən respublikanın 51 şəhərinin baş planının hazırlanmasına başlanılıb ki, bunlardan artıq 42-si rəsmi şəkildə təsdiqlənib. Doqquzunun təsdiqlənməsi isə yaxın illərdə gerçəkləşəcək.

Bakının hərtərəfli inkişafını təmin etmək məqsədilə prezidentin tapşırıqlarına uyğun olaraq hazırda komitə tərəfindən paytaxtın gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş planın hazırlanmasına başlanılıb. 

Sözügedən sənəd bazar iqtisadiyatı standartlarına cavab verəcək. Bu, Bakı şəhərinin ilk baş plan layihəsi olacaq. Sadalanan işlər müvafiq şəhərsalma sənədlərinin və mövcud vəziyyətin dəyərləndirilməsi çərçivəsində nüfuzlu şirkətlərin iştirakı ilə aparılır”. 

O bildirib ki, Bakının inkişaf konsepsiyası əsas dörd prioritet istiqamətdə aparılacaq:

“Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə ənənəvi mərkəzlərlə yanaşı, alternativ mərkəzlərin formalaşdırılması, ikinci şəhər və ətraf mühitin əhali üçün əlverişli olması, xüsusilə ekoloji təmizliyə önəm verilməsi, üçüncü milli və mədəni irsin, şəhərin memarlıq nümunələrinin qorunması və mədəni həyatının zənginləşməsi, dördüncü istiqamətdə isə şəhər iqtisadiyyatının müasir xidmət və turizmin inkişafını təmin etmək məqsədi dayanır”.

Gununsesi.org