Bakının azad edilməsinin 101-ci ildönümü ilə bağlı yürüş keçirilib - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2019 15:41

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.

Gununsesi.org xəbər verir ki, Türkiyə və Azərbaycan Respublikalarının dövlət bayraqları, eləcə də ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı “N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb. Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Türkiyə və Azərbaycan xalqlarının zəfər marşları, dostluq və qardaşlıq mahnıları səsləndirilib.

HTML tutorial

Yerli sakinlər yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Yürüş iştirakçıları Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

Yürüş zamanı Acıdərədəki Türk Şəhidliyi ziyarət olunub. Abidə qarşısına Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycan səfirliyi adından əklillər qoyulub.

Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin general və zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

 

 

Gununsesi.org