Bakının bu addımları İrəvanda isterika yaratdı

  • By admin
  • 19 Mart 2022 21:51

Ermənistan siyasi mühitində maraqlı proseslər gedir: mediada yazılar, müsahibələr olur, artıq orda “post-Putin” dövrünün necə olacağı ilə bağlı səslər, fikirlər yüksəlməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu mövzulara toxunan ekspert Natiq Cəfərli erməni mediasının əsasən, iki məsələdə panikaya düşməsinə diqqət çəkib:

“1) Azərbaycan rəsmilərinin BMT-nin mümayəndələri ilə Şuşaya səfəri, Şuşa qalasında Azərbaycan bayrağı ilə yanaşı BMT-nin simvolunun asılması qonşu ölkənin bəzi çevrələrində isterik hava yaradıb. Sərkisyan və Köçəryana yaxın media Paşinyanı, Ermənistanın Xarici İşlər Nazirliyini hədəfə alıblar, deyirlər ki, XİN niyə BMT rəsmisinin “işğal edilmiş ermənilərə məxsus Şuşa şəhərinə” səfər etməsi ilə bağlı rəsmi nota verməyib, bəyanat səsləndirməyib. Bəli, o qafalar Şuşamızı “işğal edilmiş erməni şəhəri” adlandırmaqdan və bu yalanı yaymaqdan hələ də çəkinməyib;

2) Ermənistanda ərzaq təhlükəsizliyi, Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi ilə bağlı hay-küy düşüb. Səbəb tək Rusiyaya qarşı Qərbin boğucu sanksiyaları, Rusiyanın isə hətta “KTMT və Avrasiya Birliyinə” daxil olan öz daimi müttəfiqlərinə belə ərzaq məhsullarının ixrac edilməsinə qadağa qoyması deyil, daha bir problem odur ki, hava şəraitinə və qar uçqunları ilə əlaqədar Gürcüstan-Rusiya sərhəddi, Yuxarı Lars keçidi artıq bir neçə gündür ki, qapadılıb. Rusiyadan Ermənistana yük (əsasən də ərzaq) daşıyan 400-dən çox TIR Rusiya ərazisində, Ermənistandan Rusiyaya yük aparan 140-a yaxın TIR da Gürcüstan ərazisində qalıb. Hava şəraitinin nə zaman düzələcəyi, yolun nə zaman açılacağı məlum deyil, bu isə Rusiyadan bəzi ərzaq növlərindən asılı olan Ermənistanda problemlər yaradıb, Ermənistandan Rusiyaya ixracı da axsadıb və İrəvandan gedən meyvə-tərəvəzin xarab olacağı ehtimalını yaradıb.

Azərbaycan tərəfi 1,5 ilə yaxındır ki, Zəngəzur dəhlizinin açılmasını təklif edir. Ağılla, məntiqlə düşünəndə bu yol Rusiya və Ermənistan üçün hava-su kimi lazımdır: a) Gürcüstandan asılılıq azalır, b) Azərbaycan üzərindən daha sürətli və ucuz dəmir və avtomobil yolu əldə edirdilər. Amma Rusiya və Ermənistan Azərbaycan və Türkiyənin israrını görüb yolun açılması üçün daha absurd və ağır şərtlər irəli sürməyə başladılar. Rəsmi Bakı isə doğru olanı etdi – Rusiyanın və Ermənistanın gözləmədiyi şəkildə İranla anlaşdı və Zəngəzur dəhlizinə paralel, nəzərdə tutulan həmin yoldan 5 km aralı yeni infrastrukturla bağlı razılığa gəldi. İndi top Moskva və İrəvandadır – əgər şərtləri yumşaldıb, ağıl-məntiqlə Zəngəzur dəhlizinə imkan versələr, o yol da çəkiləcək və illərdir Rusiya və Ermənistanın Gürcüstandan tam yol asılılığı aradan qalxacaq. Zatən Ermənistandan keçəcək Zəngəzur dəhlizi baş tutsa belə, ona alternativ İrandan keçən paralel yollar lazım idi ki, bu məsələdə Rusiya və Ermənistandan asılılıq yaranmasın…”

Gununsesi.info