Bakının bu qəsəbəsində evlər su altında qaldı - VİDEO

  • By admin
  • 03 Aprel 2018 18:30
Su aydınlıq, həm də rahatlıqdır. Amma aprelin 2-dən 3-nə keçən gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin sakinləri üçün heç də rahat keçməyib.
Gununsesi.info APA TV-yə istinadən məlumat verir ki, buna səbəb Həmidə Məmmədquluzadə küçəsindən keçən su borusunun yüksək təzyiqdən partlaması və boru vasitəsilə axan suyun sakinlərin həyətlərinə dolmasıdır.
Şikayətçilər bildirir ki, dəfələrlə aidiyyəti qurumları borunun gec-tez sıradan çıxa biləcəyi ilə bağlı xəbərdar ediblər. Gəl ki, xəbərdarlığa nə dərəcədə məhəl qoyulduğu göz önündədir.
Özlərini bir anlıq Venesiyada hiss edən sakinlər tez bir vaxtda aradan qaldırılmasını gözləyir. Evi su altında qalan Güldanə Rüstəmova deyir ki, aidiyyəti qurumlara şikayət etmək istədikdə, onlar əksər hallarda ya zənglərə cavab vermir, ya da peşə borcunu layiqincə yerinə yetirmirlər. Qısası, bu adamlar su içində yaşamaqdan daha çox biganəlikdən şikayətçidir: “Mənim ən çox əsəbiləşdiyim odur ki. birinci dəfə deyil. Göydən yağış yağdı, bizim qapımız o vəziyyətdədir. Yuxarıdan gələn sular hamısı bizim həyətə dolur. İcra Hakimiyyətinə, Su İdarəsinə zəng eləyirik, heç gəlmirlər”.
Bu dəfə isə “Azərsu” ASC-nin əməkdaşları hadisə yerində idi və təmir-bərpa işləri aparırdılar.
Sakinləri həm də təmirin nə zaman bitəcəyi, habelə evlərə suyun nə zaman veriləcəyi sualları narahat edirdi. “Azərsu” ASC-dən isə bildirildi ki, borunun sıradan çıxmış hissəsi gecə saatlarınadək tam təmir, aprelin 4-dən etibarən Həmidə Məmmədquluzadə küçəsi sakinlərinin içməli su ilə təchizatı isə bərpa ediləcək.
Nə deyirik, təki aydınlığa çıxsınlar.

Gununsesi.info