Bakının həllolunmaz problemi: nə etməli? - TƏKLİF

Bakının sərnişin-nəqliyyat sistemindəki problemlər uzun illərdir həllini tapmır. Son illərdə yüzlərlə yeni avtobus alınsa da, problem gündən-günə kəskinləşir. Çünki avtobusların hərəkətinin idarə olunması normal vəziyyətdə deyil. Bu sahədə vəziyyəti tənzimləmək üçün “Nəqliyyatın intellektual idarəetmə sistemi” yaradılsa da, faydalı olmadı.

Son illərdə Bakıda marşrut xətlərinin sayı kəskin şəkildə azaldılıb. Bir çox marşrut xəttləri ləğv edilib. Bəzilərinin gediş məsafəsi qısaldılıb. İndi sərnişinlər şəhərin bir yerindən başqa bir yerinə getmək üçün 2-3 müxtəlif marşrutdan istifadə etmək məcburiyyətində qalırlar.

Məsələn, Sahil metrosundan Amay ticarət mərkəzinə getmək üçün 2 marşrut dəyişmək lazım gəlir. Halbuki, hər iki obyekt şəhərin mərkəzi hissəsində və cəmi 2 kilometr məsafədə yerləşir. Paytaxtın elə yerləri var ki oradan digər bir yerinə getmək üçün 3 marşrut dəyişməlisən.

Dünən əməkdaşımız Bayıldan Heydər Əliyev prospektində yerləşən stadionun yanına getmək üçün E1 marşrutuna minib. Əvvəllər böyük avtobuslarla işləyən, lakin son vaxtlar kiçik avtobuslara keçirilən və ağzınadək dolu hərəkət edən bu avtobus Heydər Əliyev prospektinin başından orta ana yola daxil olub və düz Koroğlu metrosunadək sürətli yolla dayanmaq imkanı olmadan hərəkət edib. Əməkdaşımız 3 km yolu piyada geri qayıtmalı olub. Bu necə məntiqdir? Şəhərdaxili avtobus marşrutu sürətli yolda nə gəzir? Bəlkə halı pisləşən və qəfil düşmək istəyən var, harda dayanacaqsan? Ekspres marşrut o demək deyil ki 10-15 km-lik yolda dayanmayasan? Bu şəhərlərarası reys deyil ki, şəhərdaxili marşrutdur.

Bəzi istiqamətlərdə avtobusların intervalı çoxdur. Xəttə buraxılan avtobuslar da azdır. Ona görə, sərnişinlər sıx dolu avtobuslarda gedirlər. Belə çıxır ki, bu vəziyyət sərnişindaşıma şirkətlərinin mümkün qədər çox gəlir əldə etməsi üçün yaradılıb. Məsələn, 100 şərti sərnişini 2 avtobusla daşımaq yerinə, 1 avtobusla daşımaq, yanacağa qənaət etmək, xəttə daha az avtobus çıxarmaq daha çox gəlir deməkdir.

İnsanlar bir neçə marşrut dəyişərək saatlarla şəhərdə hərəkət etməkdən bezir. Ona görə də, çoxları taksiyə üz tutmağa məcbur olurlar. Yolüstü taksilər, özəl şirkət taksiləri həm vətəndaşların xərclərini artırır, həm də şəhərdə avtomobil sayını artırır. Nəticədə tıxac yaranır. Yəni, tıxacların yaranmasında əsas səbəb 1 avtobusla gedə biləcək 50-60 nəfərin azı 20-30 avtomobildən istifadə etməsidir.

Dünyanın bütün şəhərlərində yerüstü nəqliyyatın müxtəlif formaları var- tramvay, trolleybus, metrobus, şəhərətrafı elektirik qatarları və s. Bizdə isə avtobuslardan başqa, heç bir yerustü ictimai nəqliyyat növü yoxdur. Yaxşı ki, metro var- gün ərzində 1 milyona yaxın sərnişin daşıyır, yoxsa şəhər sərnişindaşınma sistemində yaranacaq acınacaqlı vəziyyəti təsəvvür belə etmək olmazdı. Lakin yerüstü sərnşin nəqliyyatının bərbad vəziyyətdə olmasım metronun da yükünü dəfələrlə artırıb və artıq perronlarda dayanmağa yer yoxdur, vaqonlara minmək isə mümükn deyil.

Şəhər həyatının, iqtisadiyyatının canı, arteriyası şəhərin sərnişin nəqliyyatıdır. Marşrut avtobusları sosial sistemdir. Biznes layihəsi deyil. Burada əsas məqsəd gəlir əldə etmək olmamalıdır. Marşrut xəttlərinin sayı artırılmalıdır.

Bakı Nəqliyyat Agentliyinə böyük vəsaitlər ayrılır, şərait yaradılır. Lakin BNA illərdir şəhərin nəqliyyat sistemini tənzimləyə bilmir. Bütün bu problemlər “bazar” yanaşmasından və BNA-nın qeyri-peşəkarlığı səbəbindən əmələ gəlir. Prinsiplər aydınlaşdırılmalıdır ki, məqsəd pul qazanmaqdır, yoxsa normal sərnişin nəqliyyatı sistemini təşkil etməkdir.

Mərkəzdə əsasən yeni gətirilən müasir avtobuslar işləsə da, şəhərdənkənar ərazilərin böyük əksəriyyətində köhnə, narahat avtobuslarla sərnişin daşınır. Mütamadi olaraq gediş qiymətləri artsa da , xidmətin keyfiyyəti artmır.

Mən təklif edirəm ki, sərnişindaşıma tamamilə dövləti balansına keçsin. Ən pis halda bələdiyyəyə verilsin. Yeganə məqsədi daha çox pul qazanmaq olan özəl şirkətlər bu sistemdən uzaqlaşdırılmalıdır. Sərnişindaşıma sistemi strateji sahə olduğundan əksər ölkələrdə bu sistem dövlətin və ya bələdiyyənin balansında olur. Bizdə də belə olması daha yaxşı olar.

 

 

Elçin Bayramlı

Gununsesi.info