Bakının mərkəzində bağlanan küçələrdəki təmir nə vaxt bitəcək? YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhəri Nəsimi rayonu ərazisində bəzi küçə və prospektlərdə başlanılan təmir-bərpa işlərinin davam edəcəyi müddət açıqlanıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu işlər mərhələli şəkildə aparılacaq:

“Nəsimi rayonunun Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsi, Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissələrində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşların çox hissəsi deformasiyaya uğrayıb. Bu səbəbdən yaranan qüsurlar nəqliyyatın və piyadaların hərəkətinə ciddi mane yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların intensiv hərəkəti müşahidə edilən sözügedən prospekt və küçənin  kiçik bir hissəsinin təmirində yaranan çətinliklər nəzərə alınaraq bu gün səhər saatlarından etibarən həmin kiçik ölçülü daş örtük sökülərək yerində yeni asfalt beton örtüyünün çəkilməsi işlərinə başlanılıb.

Qeyd edək ki, bu işlər ilkin olaraq Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan hissəsindən start verilib. Düşünürük ki 2-3 gün ərzində bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Növbəti mərhələdə isə  Füzuli küçəsinin, Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində işlərə start veriləcək. Təmir müddətində sözügedən küçələrdə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən həmin istiqamətlərdə hərəkətdə olarkən diqqətli olmaları, yerləşdirilən müvəqqəti yol nişanlarının tələblərinə uyğun hərəkət etmələri xahiş olunur”.

11:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar Nəsimi rayonunda – Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələri artıq bağlanıb.

Gununsesi.info xəbər verir ki, sözügedən ünvanlarda qurum əməkdaşları tərəfindən söküntü işləri artıq başlayıb.

09:16

Bu gün saat 10:00-dan etibarən Bakının Nəsimi rayonunda – Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu hissələrdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin saxlanılması və təmirində yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün tikilməsi işlərinə başlanılır. Tikinti müddətində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Gununsesi.info