Hardan başlayım, nədən başlayım, bu yazıya açığı bir xeyli düşünməli oldum.
Yazdım, pozdum, pozdum, yazdım, yenə, yenə, yenə.
Bir də gördüm qələminə və şəxsiyyətinə hörmət etdiyim jurnalist Nigar İsfəndiyar məni bir yazıda işarələyib. Oxudum, qanım dondu. Mənim yazmaq istədiyim mövzunu yazıb.
Çingizdən yazıb, qan donduran tərzdə yazıb. Mən hələ yazmağa cümlə axtararkən o baş verəni yazıb. Vətəni qorumaq üçün yola çıxan canlı-cüssəli Oğulun dəmir qutuda evə dönməsinin dəhşətini yazıb.
Dərddən dəliyə dönən Ananın müsibətini yazıb. Ondan sonra mən nə yazım?-deyib, bir də yazdığımı pozdum. Amma yox, yazıya pozu yoxdur !
Bu tale, bu aqibət Çingizin alnına yazılan yazıydı. Onu pozmağa heç Allahın da gücü çatmazdı. Onun haqqında yazmaq da mənim qismətimdədir. Kim bilir, bizm alnımıza nə yazılıb, biz hansı şəraitdə hansı yazıların baş qəhrəmanı olacağıq?
Ötən ilin dekabrın 29-na kimi Çingiz Qurbanovun adı qəhrəman qismində hallanmırdı. Kasıb bir ailənin oğluydu. Atasından-anasından, qardaşından başqa yəqin ki, onu bir doğulduğu kənddə, bir də təhsil aldığı ali məktəbdə tanıyırdılar.
Dekabrın 29-da isə onu bütün Azərbaycan tanıdı. O, Azərbaycan -Ermənistan sərhədini pozmaq istəyən erməni kəşfiyyatının üzvləri ilə döyüşdə qəhrəmanlıq göstərdi, şəhid oldu və deməli həm də adı dillərdə əzbər. Çünki, Çingizin meyidini əsir götürən Ermənistan tərəfi ötən 38 gün ərzində onu Azərbaycan tərəfinə verməkdən imtina etdi.
40 mərasiminə bir gün qalmış ATƏTin və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazağın Bala Cəfərli kəndində şəhid balamızın nəşi düşməndən geri alındı. Bu, 40 gün əvvəl sağ olan, bütün ümidlərini gələcəyə bağlayan bir tələbənin uğursuz həyat hekayəsinin acı sonluğu idi.
Təəssüf ki, o hekayənin proloqu da epiloqu qədər acınacaqlıdır. Məhz Çingizin ölümü ilə bəlli oldu ki, onun ailəsi necə ağır bir şəraitdə yaşayır?! Övladları ali təhsil alsın deyə ataları özü şəxsən Bakıya köçüb, mənzil kirayələyib və yeganə arzusu bu olub ki, balalarını işıqlı günə çıxartsın. Çıxarda bildimi? 22 yaşlı oğlunun ali məktəb diplomunun xeyrini görə bildimi zavallı ata?
Bir qarnı ac, bir qarnı tox böyütdüyü oğlunu ən yüksək məqamda görmək axı onun ən böyük arzusuydu. Əlbəttə, balası onun bu arzusunu gözündə qoymadı. Şəhidliyin ən yüksək məqam olduğunu ölümü ilə atasına xatırlatdı.
Şərəfli ölümdür. Amma eyni zamanda, heç kimin düşməninə də arzulamadığı ağır bir dərddir. Elə bir dərd ki, hər atanın ürəyi buna tab gətirməz, hər ananın ciyəri alışıb yanar. Çingizin də anası əminəm ki, bu 40 gündə 40 dəfə ölüb-dirilib. Eynən Nayman ana kimi. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki Nayman ananı deyirəm.
O əfsanəni xatırlayanlar bilir ki, Nayman ananın da oğlu əsirlikdəydi. Juan juanlar Sarı -Özək adlı gülüstan diyarı istila edəndə Colomanı əsir almışdılar. Ermənilər Qarabağı istila edib yüzlərlə soydaşımızı əsir alan kimi. Juan Juanlar Colomanın başını qırxıb dəvə dərisi keçirtmiş, sonunda onu manqurta döndərmişdilər.
O da öz doğma anasını tanımayıb onu oxla ürəyindən vurub öldürmüşdü.
Ermənilər şəhid Çingizin ölüsünü əsir götürmüşdülər, başını qırxmamışdılar, amma meyidin başına oyun açmışdılar, onun şəklini sosial şəbəkəyə çıxardıb yüz cür təhqir yazmışdılar.
Nayman ananın ürəyinə dəyən ox Çingizin də anasının ürəyinə saplanıb əlbət.
O, bu yaradan sağalacaqmı?
Çətin…
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist
Gununsesi.info