Etiraf etmək lazımdır ki, Baloğlan Əşrəfov sadəcə yaxşı toy müğənnisi idi. Bu mənada, ona sənətkar demək Azərbaycan toylarına qarşı qərəzli mövqe sərgiləməkdir. Ümumiyyətlə, Azərbaycanda elə bilirlər ki, kimsə məşhurdursa, bir az sevilirsə, artıq o adam sənətkardır, böyük sənət adamıdır. Fəqət belə deyildir. Bir insan milyonlar tərəfindən sevilə bilər, ancaq sevilmək, məşhur olmaq hələ sənətkar olmağa dəlalət etmir. Üstəlik, bizdə sənətkar anlayışı ilə “şənlik qəhrəmanı” anlayışı arasında sərhəd yoxdur. Buna görə də şənlik qəhrəmanları sənətkar adlandırıla bilir.
Baloğlan Əşrəfov senzura vaxtı senzuradan çox da keçə bilmirdi. Ona görə yox ki, nəsə ciddi bir şey ifa edib, siyasi filan bir məsələ olub. Söhbət budur ki, Baloğlan Əşrəfova senzura öz mahnıları ilə çıxdığı üçün qoyulub, deyiblər, bəstəkar mahnıları oxumaq lazımdır və beləcə, öz mahnıları efirə buraxılmayıb.
Bu məsələnin özü nəsə demirmi?
Mənə elə gəlir, heç kim Baloğlan Əşrəfovun mahnılarını dinləyib kədərlənə bilməz. Onun oxumağı daha çox çadır toylarında nobatdan çıxıb tez özünü mağara yetirən adamın oynamağı üçündür. O da toydan yarımçıq çıxıb gedir.
Baloğlan Əşrəfovun oxuduğu ən kədərli mahnılarda belə bir rakka-çıko sezilir.
Obrazlı desək, nanay-ninay mahnılardır.
Onu deyim, Baloğlan Əşrəfovun ən məşhur mahnılarından biri olan “Ay uçan quşlar” mahnısının ən ciddi yeri “Dırırımm”-dır.
Deyir e, 2ay uçan quşlar…dırırımmm2. Bax o yeri. Şəxsən mən quş olsam, heç vaxt bu mahnıya uçmazdım. Kəsərdim qanadlarımı, mərdi-mərdanə sonlardırardım bu quş həyatımı.
Bəh-bəhlə dinlənilən bu mahnıya dəfələrlə qulaq asmışam ki, bəlkə məcburən də olsa sevdim, ancaq alınmır ki, alınmır.
Baloğlan Əşrəfovun belə əlahittə bir səsi də yox idi. Onun səsi mənə cingiltili samitləri xatırladır. Bir gündə cəmi iki mahnısına ard-arda qulaq asmaq kifayər edir ki, səs adamın başını ağacdələn ağacı deşən kimi deşsin.
Ümumiyyətlə, Baloğlan Əşrəfovun rəngli kostyumları oxumağından daha maraqlı olub.
Nəinki ciddi musiqiçilər, heç bayağı musiqiçilər də Baloğlan Əşrəfov kimi oxumaq istəməyiblər heç vaxt. Heç vaxt heç kim istəməyib ki, Azərbaycanın növbəti Baloğlan Əşrəfovu olsun. Ancaq heç olmasa, hansısa bayağı toy müğənniləri özünü ona oxşatmaq istəməli idi.
Baloğlan Əşrəfovun sevilməyin səbəbi yaxşı adam olmağında idi, şirin insan idi.
Kimlərsə deyə bilər ki, bəs bu qədər adam bilmir? Niyə milyonlarla insan sevir? Əlbəttə, milyonlarla insan bilməyə də bilər. Milyonlarla insanın zövqü yaxşı olmaya da bilər. Ümumiyyətlə, zövq heç vaxt milyon olmur.
Tarix tez-tez göstərib ki, kütlə çox rahat yanılır. Bir dövrün alqışı başqa dövrün ironiyasına çevrilir.
Dünənin gurultulu uğuru sabahın arxiv materialı olur.
Bu mənada, artıq Baloğlan Əşrəfova çalınan alqışlar ironiya, onun qazandığı Azərbaycansayağı uğurlar isə arxiv materialı, ən yaxşı halda şirin nostaljidir.

Orxan Saffari
Gununsesi.info












