“Banan Respublikası”: Slovakiyanın baş naziri iki keçmiş hökumət üzvü arasında davaya reaksiya verdi

  • By resul
  • 14 Sentyabr 2023 12:39
dava slovakiya

Slovakiyanın baş naziri Lüdovit Odor ölkənin keçmiş baş naziri İqor Matoviçlə keçmiş daxili işlər naziri Robert Kaliniak arasında baş verən davanı şərh edib.

Gununsesi.info  xəbər verir ki,  Odorun açıqlamasını “Euractiv” yayıb.

Matoviç və Kaliniyak arasındakı döyüşdən sonra Slovakiyanın baş naziri ölkə sakinlərinə müraciət edərək, onların sentyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra “banan respublikasında” yaşamaq istəyib-istəmədiklərini soruşub.

“Oktyabrın 1-də nifrətlə dolu banan respublikasında oyanmaq olar. Slovakiyada görmək istədiyimiz budurmu?”, – deyə Odor bildirib.

O, seçiciləri parlament seçkilərində səs verərkən Slovakiyanın gələcəyi haqqında düşünməyə çağırıb: “Nifrət, vulqarlıq və sirk. Bu, bizim gələcəyimiz deyil”.

Xatırladaq ki, Matoviçlə Kaliniak arasında dava ötən gün olub. Əlbəyaxa dava Smer-SD partiyasının qeyri-qanuni miqrasiya mövzusunda təşkil etdiyi mətbuat konfransı zamanı baş verib.

Matoviç mətbuat konfransına səs gücləndiriciləri olan avtomobillə gəlib və tədbiri pozub. Matoviçlə Kaliniyak arasında qarşıdurma keçmiş daxili işlər nazirinin keçmiş baş nazirin əlindən mikrofonu qoparmaq istəməsindən sonra baş verib.

Hadisə Slovakiyada sentyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkilərinə az qalmış baş verib.

Bildirilib ki, Slovakiya prezidenti Zuzana Çaputova qarşıdan gələn parlament seçkilərindən sonra ölkənin xarici siyasət mövqeyinin Macarıstanın baş naziri Viktor Orbanın mövqeyinə bənzəyəcəyindən narahatdır.

Arzu
Gununsesi.info