“Bank kreditlərinin hər 100 manatının 20-si qaytarılmır” - RƏŞAD HƏSƏNOV

  • By admin
  • 05 Fevral 2018 15:26

Ötən il iqtisadiyyata kredit qoyuluşu 28.5 faiz azalıb.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kommersiya bankları tərəfindən kredit qoyuluşlarının həcmi 11.7 milyard manat olub.

Bu da ondan əvvəlki 2016-cı illə müqayisədə 4,6 milyadr və ya 28.5 faiz azaldığını göstərir. Problemli kreditlərin həcmi isə 1.6 milyard manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi isə 2016-cı illə müqayisədə 9.5 faiz artıb.

2014-ci idekabr devalvasiyasından sonra  iqtisadiyyata yönələn kredit qoyuluşu ən minimum həddə düşüb. Son 3 ildə bankların bazara yönəldiyi kapitalın həcmi 48.5 faiz azalıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Gununsesi.info-ya açıqlamasında kredit qoyuluşunun azalmasını bir sıra səbəblərə bağladı: “Faktiki olaraq, bankların bağlanması ilə kredit təklif edənlərin sayı da azalıb. 12 bankın bağlanması ilə dövriyyədən çəkilən vəsaitlərin də həcmi azalıb.

İkinci amil isə, Beynəlxalq Bankın kreditlərin yığımı ilə bağlı yaranan problemlərdir. Həmin kreditlərin əksəriyyəti təminatlı kreditlər idi. Kapital girov predimeti kimi əmlakla əvəzlənib”.

R.Həsənov əlavə edir ki, bu gün banklar tərəfindən kredit yönəldilməsi sərfəli deyil: “Ötən dövr ərzində bankların müştərilərinin böyük bir qismi problemli müştəriyə çevrilib. Banklaırn problemli krerditlərinin həcmi gündən-günə artır. Artıq hər 100 manatın 20 manatı problemli kreditə çevrilib. Bundan başqa, Mərkəzi Bankın yüksək faizli depozit siyasəti də öz təsiri göstərməkdədir. Banklar 25-30 faiz dərəcəsi olan kreditləri bazara yerləşdirməkdənsə, aktivlərin bir qismini Mərkəzi Bankın qiymətli kağızlarında yerləşdirməklə etibarlı və ehtiyatlı siyasət həyata keçirirlər”.

İqtisadçı deyir ki, əhalinin gəlirlərinin azalması, kredit ödəmə qabiliyyətinin zəifləməsi də kredit qoyuluşunun azalmasına təkan verən amillərdəndir: “Həm Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara qarşı sərt siyasət yeritməsi, həm də bankların maliyyə problemləri kredit bazarının, demək ki, dayanması ilə nəticələnib”.

Ekspertin öncəgörməsinə görə, kredit qoyuluşlarının azalması 2018-ci ildə də davam edəcək: “Ölkədə ilkin kapital çatışmazlığı yüksək səviyyədə hiss olunur. Eyni zamanda ilkin kapitalın bir qrup oliqarxın əlində cəmləşdiyini də nəzərə alsaq, kiçik və orta sahibkarlığın inkişafında xeyli əngəllərin olduğunu görə bilərik. “Duinq biznes” indeksində də “maliyyə əlçatanlığı” alətində ən geridə qalmış ölkələr sırasındayıq. Belə bir fonda bu gün kreditlərin məhdudlaşması da həmin böhranı daha da dərişləşdirir. Doğrudur, bu ildən Kredit Zəmanət Fondu fəaliyyətə başlayacaq. Kredit qoyuluşunun müəyyən qədər artmasına təkan verə bilər, amma ciddi təsiri gözlənilmir”.

Vüsalə Rüstəmova

Gununsesi.info