
“Nağdsız hesablaşmalar haqqında” Qanunun qüvvəyə minməsindən artıq 2 aya yaxın vaxt keçib.
İqtisadçı-ekspert Rəşad Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, 5 maddədən ibarət bu kiçik qanunun biznes mühitinə böyük təsiri olub.
Onun sözlərinə görə, biznes burda özü üçün müsbət heç nə görmür: “Bu təbiidir, məhdudlaşdırma heç kimin xoşuna gəlməz. Bank sektoru üçün bu qanun müsbət nəticələr verməli idi. Uzunmüddətli perspektiv üçün bu şübhəsizdir. Qısamüddətli dövrdə təsir birmənalı müsbət olmasa belə, müsbət təsirləri mənfidən çoxdur. Ancaq ümumilikdə, bank sektoru üçün kifayət qədər müsbət nəticələr var”.
R.Əliyevin əlavə edir ki, qanuna görə əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir: “Bu, eyni zamanda, əlavə olaraq banklara böyük həcmdə ödəniş kartlarının sifarişinə səbəb olub. Böyük müəssisələrin əksəriyyəti kart sisteminə keçib, ancaq orta və kiçik biznes (200 mindən çox dövrüyyəsi olan) bu sistemə keçidi tam etməmişdir. 1 ay qabaq banklardan birində olanda bir topa sifariş göstərdi, dedi heç çatdıra bilmirik. Bankın qazancı, sözsüz ki, kartın sifariş pulu yox, kartlar üzrə köçürmə haqqları olacaq. Kiçik müəssisələr üzrə ödəniş kartlarına müəssisə tərəfindən pul köçürülməsi hardasa 1% təşkil edir (individual qaydada müəyyən edilə bilər aşağı faizə). Təsəvvür edin ki, bankların sayı azalıb, üstəlikdə kart sifarişlərinin sayı artıb və avtomatik olaraq əməkhaqqı köçürmələrinin məbləği artdığı üçün xidmət haqlarının məbləği artıb”.
Vüsalə Rüstəmova
Gununsesi.info









