Bank sektorunda defolt ola bilər -HƏYACAN TƏBİLİ

  • By admin
  • 25 May 2016 19:52

bank

Rəşad Həsənov: “23 milyardlıq depozitin 18 milyardının xarici valyutada saxlanılması bankların məhvinə gətirib çıxara bilər”

 

“ İki devalvasiyadan sonra sadəcə  bankların  kreditlərindən yaranmış borclarının həcmi 5.5 milyard  manata bərabərdır. Bu çox ciddi borc yüküdür.  Bu borc durğun iqtisadi mühitdə ödənilməsi qeyri-mümkündür”.  Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri İqtisadi və İnkişaf Mərkəzinin ekpserti Rəşad Həsənov Azərbaycan Demokratik və Rifah Hərəkatının “Bankların çağdaş durumu:  müsbət dəyişikliklər üçün nə etməli” mövzusunda keçirilən ekspert müzakirəsində bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycan iqtisadiyyatının son 10-15 ildə 2 lokomativi var idi: “Bunlardan biri bankların verdiyi kreditlər, digəri isə dövlət büdcəsinin artımı idi. Ölkə iqtisadiyyatı, əsasən, bunun üzərində qurulmuşdu. Problemlər ortaya çıxanda biz buna hazır deyildik. Neft gəlirlərinin azalması fonunda devalvasiya baş verdi”.

R.Həsənovun fikrincə, bundan əziyyət çəkən sıravi vətəndaşlar, banklar və dövlət oldu: “Bugünkü  problemlər çox sayda  sosial qrupları əhatə edir. Burada 2.5 milyon insanın borcundan, 1,2 milyon insanın zaminliyindən , 15 minə yaxın hüquqi şəxsin borclarından söhbət gedir.  Bizim maliyyə təşkilatlarının, şirkətlərin xarici təşkilatlara böyük borcları var. Bunun müqabilində əhalinin gəlirləri azaldı, işsizlik artdı”.

İqtisadçı bildirir ki, bank gəlirlərinin 70-75 faizi kredit faizlərindən formalaşırdı. R.Həsənov əlavə etdi ki, bu gün vətəndaşlar və banklar bu vəziyyətdən çıxarılmasa defolt olacaq: “Qısa müddət ərzində problemli kreditlərlə bağlı rəsmi qurumlar tərəfindən qərar qəbul edilməlidir. Amma hökumətin addımlarından görünür ki, belə bir güzəştə gedilməyəcək”.

İqtisadçı qeyd edir ki, 23 milyardlıq depozitin 18 milyardının xarici valyutada saxlanılması banklar üçün əlavə problemlər yarada, hətta  məhvinə gətirib çıxara bilər.

R.Həsənovun sözlərinə görə, banklar əhalinin kreditlərinin müddətini artırmaqla onların borc yükünü artırır: “Müddət uzadıldıqda onun faizləri də hesablanır. Sonra banklar müştəriyə bildirir ki, əsas borcun 15 faizini ödə, güzəşt edilsin. Halbuki, o zaman fazilər üst-üstə gəlir və məbləğ yenə böyüyür. Belə olan halda hansı güzəştdən söhbət gedə bilər?”

 

Leyla SƏLİMLİ

Gununsesi.info