Banklar ölkədə ərzaq və dərman qıtlığı yaratmaqla, bahalaşmaya səbəb oldular - SABİQ NAZİR

  • By admin
  • 11 Yanvar 2017 16:06
fikret
“Bu gün xarici valyutanın satışını dayandıran bank rəhbərləri bunun eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacağını da anlamamış deyillər”.
Bunu  Gununsesi.info-ya açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, artıq iki aya yaxındır ki, banklar dollar satışını dayandırıblar. “Görəsən bu addımı atan bank rəhbərləri başa düşürlərmi onların bu addım hansı nəticələrə gətirib çıxara bilər? Bu gün minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq və xarici valyutada olan başqa öhdəliklərini yerinə yetirmək məqsədilə dollar axtarışındadırlar. Banklar necə ki, vaxtilə vətəndaşlara seçim qoymayıb, onları kreditləri xarici valyutada götürməyə məcbur edirdilərsə, indi də eyni qaydada onları valyuta almaq üçün zorla “qara bazara” yönləndirirlər”- deyə, sabiq nazir vurğulayıb.
Sabiq nazir deyib ki, bank rəhbərləri  başa düşməlidirlər ki, bu özfəaliyyət acı nəticələrə gətirib çıxara bilər: “Onsuz da son bir neçə ildə yarıtmaz əməlləri ilə öz nüfuzlarına kifayət qədər zərbə vurublar. Yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıda ölkə başçısı çox haqlı olaraq onların fəaliyyətinə belə qiymət verdi: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq.” “
Ekspet bildirib ki, nə qədər gec deyil banklar onların ünvanına deyilən bu haqlı tənqiddən nəticə çıxarmalıdırlar: “Bu gün xarici valyutanın satışını dayandıran bank rəhbərləri bunun eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacağını da anlamamış deyillər. Belə olan halda onlar kimə və nəyə xidmət edirlər?”
Mürtəza
Gununsesi.info