“Banklarda qorunan əmanətlər 2019-cu ilədək qaytarılacaq” - SAMİR ŞƏRİFOV

  • By admin
  • 07 Noyabr 2017 14:34

“Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir”.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin bank müştərilərinin hüquqularının qorunması ilə bağlı təklif və iradlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün bank əmanətçilərinin hüquqları qorunur və onlar öz vəsaitlərini geri alır: “Əmanətlərin Sığortalanması Fondunu məhz ona görə yaratmışıq. Və bu qurum vasitəsi ilə qorunan əmanətlər üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz keçirilib və yaxud nöqsanlar olub məsələsi başqa bir mövzudur”.

Vahid Əhmədovun Əmanətlərin Sığortalanması Fondunun yoxlanılması təklifinə gəldikdə nazir deyib ki, Hesablama Palatası yoxlasın: “Bu normalhaldır. Yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni, bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Yeganə məhdudiyyətlər həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Və sair və ilaxır. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq”.

S.Şərifov millət vəkili Zahid Orucun bütün pulların Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borclarının ödənilməsinə yönəlməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Bu fikirlə razılaşmayan nazir ABB-nin xarici borcu ilə bağlı məsələyə aydınlıq gətirib: “Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni, dövlət bankın öhdəliklərini öz əhdəlikləri ilə əvəzlədi. Dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində bizim xarici borcumuz 2,4 milyard dollar civarında artırılıb. Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir. Biz bu təhlükəni bankın üzərindən götürdük və bank artıq sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur”.

Mürtəza

Gununsesi.info