“Bankların məcburi birləşdirilməsi mexanizmi hazırdır” - SAMİR ƏLİYEV

  • By admin
  • 08 May 2017 14:00

samir

“Banklar haqqında” Qanuna edilən dəyişiklikdən sonra bir neçə bank birləşə bilər.  Yeni sənədə görə, ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsi, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsi nəzərdə tutulur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Gununsesi.info-ya şərhində bildirdi ki, bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra məcburi konsolidasiya mexanizmi hazırdır:

“Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların aktivlərinin zərərli, qeyri-işlək olduğunu müəyyənləşdirərsə, qurum həmin bankın fəaliyyəti ilə bağlı qərar qəbul edə bilər. Burada bir neçə variant var. Variantlardan biri budur ki, sağlam aktivləri bankdan ayırıb körpü bank yaradılsın. Palata həmin körpü bankı idarə edir, daha sonra isə sata bilər. İkinci istiqamət bankın başqa banka birləşdirilməsi, üçüncü istiqamət isə digər investora satılmasıdır”, deyə ekspert qeyd edib.

S.Əliyev bildirdi ki, bütün satış prosesləri hərraclar vasitəsilə həyata keçirilməlidir: “Əvvəl qaydalar belə idi ki, banklar ya könüllü şəkildə konsalidasiyaya getməli idi, ya da Mərkəzi Bank maliyyə təşkilatının lisenziyasını ləğv edirdi. Amma qanunvericiliyə edilən dəyişikliklərdən sonra Palata banka məcbur edə bilər ki, birşəlsin, əks təqdirdə körpü bank vasitəsilə satışa çıxaracaq. Bu baxımdan son dəyişiklik bankları məcburi konsalidasiyaya sövq edəcək”.

“Bankların sayı 25-ə qədər azalacaq. 3-4 bank var ki, onlar bazarı ya tərk edəcəklər, ya da birləşəcəklər”-deyə S.Əliyev vurğuladı.

Qeyd edək ki, ötən il 11 bankın bağlanması bu sektora müəyyən mənfi təsirlər yaratdı. Ona görə də bank sektoru böhrandan çıxarmaq üçün aparılan islahatlar önəm daşıyır. Bankların bağlanması istiqamətindəki tədbirlər böhranı bir qədər də dərinləşdirdi.

S.Əliyev hesab edir ki, hökumət hazırda bankların bağlanmasına deyil, konsalidasiyasına maraqlıdır: “Çünki onlar bağlanarkən fəsadları çox olur. Amma birləşəndə daha güclü bir malliyyət-kredit təşkilatı yaranır. Bu vaxt, eyni zamanda əmanətlərin geri ödənilməsi kimi problem də meydana çıxmır”.

S.Əliyev bu qənaətdədir ki, bankların bağlanması əhalinin bu sektora inamının azalmasına gətirib çıxardı: “Nəticədə əmanətlər sürətlə geri çəkildi. Bundan əlavə, bankların bağlanmasında yaranmış ən böyük problemlərdən biri hüquqi şəxslərin depozitləri və hesabları ilə bağlı oldu. Çünki qanunvericiliyə görə, ancaq fiziki şəxslərin ənamətləri qorunur. Deməli, banklar bağlananda hüquqi şəxslərin taleyi sual altındadır.  Bank aktivlərinin həcmindən asılı olaraq onların qaytarılıb-qaytarılmaması məsələsi yaranır. Məsələn, bilidiyimə görə “Azercell” vəsaitlərini bankdan götürə bilmədi. Hətta sığortalanan əmanətlərdə də problemlər yarandı. Xüsusulə, dollar yerləşdirilən əmanətlər manatla geri qaytarıldı. Bu zaman manatı sırf alış kursu ilə hesablayırdılar”.

Vüsalə Rüstəmova

Gununsesi.info