Baş həkim və digərlərinin cəzası azaldıldı

Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 il 6 aydan dən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya təsdiq edib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 1 il endirilməsinə qərar verib.

Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.

Beləliklə, Ali Məhkəmənin qərarından sonra İmran Ağayevin həbs müddəti 3 il, Rüfət Əlizadə və Taleh İmanının cəzası 2 il 6 aya endirilib.

Gununsesi.info