Baş infeksionistdən XƏBƏRDARLIQ:  “Bu, yoluxmanı artıracaq”

  • By admin
  • 01 Oktyabr 2021 11:11

Əyani tədrisin bərpa olunması insanlar arasında təmasları xeyli artırıb. Belə bir şəraitdə hava-damcı infeksiyalarının yayılması üçün münbit şərait yaranır. İnsanlar arasında təmaslar təkcə təhsil müəssisələrində deyil, eyni zamanda kənarda da artıb. Bu, xüsusən iri şəhərlərdə daha qabarıq gözə çarpır.

Bu sözləri Publika.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Mütəxəssis bildirib ki, havaların soyuması da yoluxmaların sayına təsir edəcək:

“Digər faktoru da unutmaq olmaz. Bu, fəsil dəyişməsi, havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanmasıdır. Beləliklə, narahatlığımız əsassız deyil. Hazırda əhali tərəfindən qoruyucu qaydalara düzgün və kütləvi əməl olunması çox önəm daşıyır. Təhsilin pandemiya dövründə aparılması qaydaları ciddi gözlənilməlidir. Müəllim heyətinin və tələbələrin vaksinasiya olunması yoluxma hallarının artmasını əngəlləyəcək əsas faktordur. Məktəblilər və tələbələr arasında koronaviruslu xəstələr aşkarlandıqda təhsil müəssisəsində yoluxma hallarının sayından və əhatəsindən asılı olaraq bir çox hallarda tam bağlanmaya getmədən ayrı-ayrı şagird və ya tələbəni, qrupu və s. təcrid etməklə prosesi nəzarətdə saxlamaq mümkündür. Ölkəmizdə vaksinasiya prosesi davam edir, onun həyatımıza pozitiv təsirləri göz qabağındadır, lakin biz hələ ki, qoyulan hədəflərə çatmamışıq”.

Gununsesi.info