Baş nazir xaricdən avtomobil gətirənləri çətin duruma salıb - 3 AYA ÖLKƏYƏ ÇATAN MAŞINLARIN TALEYİ NECƏ OLACAQ?

  • By admin
  • 30 Mart 2023 11:54

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Rəsmi açıqlamada bildirilir ki, Baş nazirin qərarı 30 gün sonra qüvvəyə minəcək.

Ancaq xaricdən avtomobil sifariş edən vətəndaşlar bu qərardan narazıdır. Belə ki, xaricdən avtomobil idxal edən sadə vətəndaşlar, yaxud da sahibkarlar bəzən sifariş olunan avtomobillərin 3 aya ölkəyə gəlib çatdığını deyir.

Belə çıxır ki, həmin avtomobillər Azərbaycanda qeydiyyata alınmayacaq. Bu isə həmin insanlar üçün ciddi problem deməkdir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov Gununsesi.info-ya bildirib ki, bu sualın cavabı Nazirlər Kabinetindədir: “Bizə də çoxsaylı müraciətlər olur. Qərar Nazirlər Kabinetinindir. Onlar şərh etməlidir. Hələlik, qeyri-müəyyən vəziyyətdir”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə  deyir  ki,Nazirlər Kabineti  “məhdudlaşdırma” ifadəsini  hansı mənada  işlədilməsinə aydınlıq gətirməlidir: “Məhdudlaşdırma deyərkən, nə nəzərdə tutulur?  Tam qadağan olur, yoxsa istisnalar olacaq? İkincisi, ABŞ-dan, Koreyadan martin 28-i yola salınan  avtomobil ən tezi 40-45 günə Gürcüstan limanlarına çatır. Odur ki, belə qərar  30 gündən deyil, 90 gündən sonra qüvvəyə minməlidir”.

Ekspert, həmçinin əlavə edib ki, hökumətin bu qərarı köhnə avtomobilərin qiymət bahalaşmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı əməkdaşımız Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlamağa çalışsa da buna nail ola bilməyib.

Bütün hallarda Nazirlər Kabineti ciddi vətəndaş etirazlarına səbəb olacaq bu qərarın tam şərhini verməli və bu qərara qədər sifariş  olunan avtomobillərin dövlət qeydiyyatında yarana biləcək maneələri aradan qaldırmalıdır.

 

Elmar Elnuroğlu

Gununsesi.info