Baş nazirin şəriki kompensasiyasını ödəmədiyi şəxsi həbs etdirir - DÜNYA ÇEMPİONU DÖYÜLMƏKDƏN "QORXUB"

  • By admin
  • 30 Noyabr 2022 11:54

Azərbaycanda məmurların vətəndaşların mülkiyyət hüququna qəsdi, əmlakını zorla əlindən alması ənənə halını alıb.

Bu məsələlərlə bağlı isə sonda Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövlətinə qarşı qərarlar qəbul edir. 

Beləliklə, bir qrup məmurun tamahı dövlətin imicinə ciddi zərər vurur.

Azərbaycanda baş verən bir olay isə sözün həqiqi mənasında şokdur.  

Redaksiyamıza daxil olan bir şikayət ərizəsində söhbət ölkənin baş naziri Əli Əsədovun  faktiki sahibi olduğu iddia edilən  “Azİmport” şirkətinin və rəhbərlik edən  Azər Əsgərovun  vətəndaşın qanuni mülkiyyətini ələ keçirməsindən və haqqını axıradək ala bilməyən çarəsiz insanın şərlənməsindən gedir.

Ölkənin polis və prokurorluq orqanlarının vətəndaşın mülkiyyətinə qəsdə göz yumması və özünü günahkar çıxarmasına səbəb isə baş nazirin adı ilə bağlı olan şirkəti idarə edən Azər Əsgərovun özünü hakimiyyətin yaxın adamı kimi ictimaiyyətə təqdim etməsidir.

Belə ki, özünü ölkənin yüksək vəzifəli məmurlarının dostu kimi təqdim edən, mediada və  sosial şəbəkələrdə hansısa tədbirlərdə ölkə başçısı və ayrı-ayrı məmurlarla çəkdirdiyi birgə fotolarla özünü “yuxarıların” adamı kimi təqdim edən  Azər Əsgərov bu dəfə deyəsən, Azərbaycanı ABŞ-la üz-üzə qoyacaq. Bu barədə az sonra…

Belə ki, Gununsesi.info-ya müraciət edən Bakı şəhər sakini Kamal Akimov başına gətirilənləri nəql edib.

Kamal Akimov redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, Bakının Səbail rayonu Ziya Yusifzadə (keçmiş Xanlar 8) küçəsində qanuni mülkiyyətindəki 196.6 kv m sahəsi olan bir mərtəbəli tikili “Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərov tərəfindən əlındən alınıb.

Ailəsi ilə birlikdə ABŞ-da yaşayan Kamal Akimova bir gün xəbər çatır ki,  2012-ci ildə günlərin birində ona məxsus tikilinin ətrafındakı torpaq sahəsində ağır texnika çalışır. Mülkiyyətində olan sahəyə baş çəkən Kamal Akimov ərazidə “Azİpmort” şirkətinin texnikasını və Səbail Rayon İcra Hakimiyyətinin işçilərini görür.

Həm şirkət, həm də icra hakimiyyəti əməkdaşları ondan üzrxahlıq edərək, bilmədən onun ərazisinə toxunulduğunu deyirlər: “Bildirdilər ki, həmin ərazinin əhatəsindəki sahə şirkət tərəfindən alınıb və orada yaşayış binası tikiləcək. Mən onların üzrxahlığını qəbul edib, getdim. Bir müddət sonra eyni hal təkrarlandı. Beləliklə, bu adamlarla uzun müddət mübahisə etdim. Əlimdə “çıxarış” olduğu halda bütün dövlət orqanlarına baş vururdum. Hər yerdə “bura sənə məxsusdur” cavabı verilsə də ancaq Azər Əsgərov bildiyini edirdi. Artıq ötən müddət ərzində orada tikinti gedirdi. Hüquqi dövlətdə bunu təsəvvür eləmək dəhşətdir. Uzun müddətli mübarizəmdən sonra  təklif etdilər ki, sat, alırıq. Amma mənim obyektimin real bazar qiymətini təklif etmədilər. Azər Əsgərov dirəndi ki, mənə   800 min ABŞ dolları verə bilər. Məcbur razılaşdım.  

Bu razılaşmadan sonra Azər Əsgərov bildirdi ki, hazırda tikintiyə xərcləri çıxır, mənə pulu hissə-hissə verəcək. Allaha and içdi, kişi sözü verdiyini dedi. Düşündüm ki, insandır. Amma mən düşündüyüm kimi adam deyilmiş. Xeyli sonralar bilmişəm ki, bu şəxs bütün insanların başına bu oyunları gətirib. O mənə əvvəllər ayda 50 min dollar olmaqla pullar verdi. Sonradan bu məbləğ də azaldı. Uzun aylardan sonra ondan 500 min dollar ala bildim.  Qalan pulu istəyəndə “get, hara şikayət edirsənsə, et” deyə bildirdi.

Mən 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən həmin əmlakın mənə məxsus olmasına dair ayrıca məktub da almışam.

Beləcə , aramızda gərginlik yaşandı. Baş nazirin adından sui-istifadə edərək, hüquq-mühafizə orqanlarına da təsir etdi. 

Mənim haqlı müraciətlərimə hədə-qorxu ilə tələbetmə donu geyindirdi. Barəmdə Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə qorxu ilə tələb etmə) cinayət işi açdırdı. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatındadır.

Saxta, qurama ittiham yaratdılar. Adam cüdo üzrə 5 qat dünya çempionudur. Guya ki, adama hədə-qorxu gəlmişəm ki, səni döyəcəm. Absurdluğun da bir həddi olar. Təəssüf ki, Bakı Şəhər Prokurorluğu bu qanunsuzluğa  şərik çıxdı. Ailə üzvlərim ABŞ-da qalıb, onların yanına da gedə bilmirəm. Ölkədən çıxışıma məhdudiyyət qoydurub. Mənim ailə üzvlərim Amerika vətəndaşıdır. Artıq ABŞ-ın iki senatoru Alex Padilla və Dianne Feinstein işdən məlumatlıdır. Vaxtilə, bu işdə yanımda olan vəkilim və jurnalistlər maddi maraq naminə Azər Əsgərovun tərəfinə keçdi. Mənim ümidim ölkə başçısı İlham Əliyevədir. Vətəndaşı dövlətdən bu formada narazı salmaq olmaz. Hüquq-mühafizə orqanları belə bir saxta , qurama iş yaradıblar. Amma zaman gələcək, onlar cavab verəcək. Bu cür işlərlə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalları da məşğul olurdu. Bu gün məhkəmələrdə zərərçəkənlərə onları bağışlaması üçün necə yalvarırılar. Ədalət topaldır, amma sürünə-sürünə də olsa öz ünvanına çatır”.

Azər Əsgərovla bağlı kiçik araşdırmamızda onu da öyrəndik ki, onun vətəndaşların mülkiyyət hüququnu zorlaması, insanları əmlaksız qoyması barədə çoxsaylı faktlar olub.

Azər Əsgərovun özü haqqındakı iddiaya münasibət bildirməkdən yayınıb.

O, bildirib ki, şikayəti üzrə məhkəmə prosesi olacaq.

 

Elmar Elnuroğlu

Gununsesi.info