Baş prokuror “Tərtər işi”ndən DANIŞDI: “Heç kim bu işdə siyasi məqsəd güdə bilməz”

“Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır. Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz və bu, yolverilməzdir, qanunla qəti qadağandır.

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

HTML tutorial

Baş prokuror deyib ki, Tərtər hadisələri olub, onun istintaqı təzələnib:

“Qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək həqiqətin tam üzə çıxarılması, bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Peşəkarlar bilirlər ki, istintaq belə qısda müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün hallar, bütün faktlar çox diqqətlə yoxlanılmalıdır, digər sübutlarla müqayisə edilməlidir.

Təəssüflər olsun ki, bəzi şəxslər bu mövzudan istifadə etməyə cəhd edir, istintaqın gedişinə təsir etməyə çalışırlar. Bu da yolverilməzdir və mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmişlərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərar qəbul edilib.

“Tərtər işi” Baş prokurorun xüsusi nəzarətinə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq, ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.

Gununsesi.info