Baş prokuror təcavüzə uğradığını deyən məmur qadının işini nəzarətə götürdü - RÜSTƏM USUBOV ONU QƏBUL EDİB

  • By admin
  • 09 Noyabr 2017 17:53

Baş Prokurorluq Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi ilə bağlı şikayətlərin araşdırılması barədə tapşırıq verib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşli müraciəti ilə bağlı noyabrın 7-də Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək dinlənilib.

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə şəhər prokurorluğuna müvafiq tapşırıqlar verilib.

Vətəndaşın müraciəti üzrə araşdırma Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Gununsesi.info