Təbii qazdan təhlükəsiz istifadə olunması sahəsində görülmüş ardıcıl tədbirlərə baxmayaraq bəzi hallarda istehlakçıların təhlükəsizlik qaydalarına əməl etməməsi və bu sahədə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsi ilə nəticələnən hadisələrin davam etməsi narahatçılıq doğurur.
Qeyd olunanları nəzərə alaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində aidiyyəti dövlət qurumları, o cümlədən SOCAR “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar, Energetika nazirlikləri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələrinin iştirakı ilə bu sahədə aktual problemlərin həlli yollarına həsr edilmiş geniş konfrans keçirilib.
Konfransda adıçəkilən qurumların rəsmi nümayəndələri və digər natiqlər çıxış edərək bu sahədə mövcud problemlərin həlli məqsədilə konkret təkliflər irəli sürüblər.
Məruzəçilər daxil olmaqla, konfransda hibrid formada (Bakı şəhərində fəaliyyət göstərən məsul əməkdaşlar bilavasitə konfrans zalında, digərləri onlayn formada) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində işləyən ümumilikdə 100-dən artıq əməkdaş iştirak edib. Vurğulanıb ki, bu sahədə məsuliyyət tədbirləri ilə yanaşı, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına xidmət edən preventiv, o cümlədən maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyəti vardır. Geniş fikir mübadiləsi şəraitində keçən konfransın nəticələrinə uyğun olaraq bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.