Noyabrın 12-dən 14-dək Fransanın Strasburq şəhərində “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasının 33-cü plenar iclası, Şuranın “CyberEast+” layihəsinin Rəhbər Komitəsinin 3-cü iclası və “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyanın İkinci əlavə protokolunun icrası ilə bağlı sənaye və xidmət təminatçıları ilə görüşü keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə müxtəlif dövlətlərin prokurorluq, kibercinayətkarlıqla mübarizə və xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələr iştirak ediblər.
Tədbirdə Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsinin şöbə rəisi Akif Məmmədyarov təmsil edib.
Əsas məqsəd şərqi tərəfdaşlıq ölkələrində kibercinayətkarlığa qarşı hüquq-mühafizə sistemlərinin gücləndirilməsi, Budapeşt Konvensiyasına uyğun qanunvericilik quruluşlarının yaradılması, bu sahədə müvafiq dövlət orqanlarının (polis, məhkəmə, prokurorluq) səlahiyyətlərinin artırılması, eləcə də süni intellekt və virtual aktivlərin hüquqi tənzimlənməsi və digər əlaqədar məsələlərin müzakirəsi olub.
Qeyd olunan iclas və görüşlər çərçivəsində A. Məmmədyarov sözügedən sahələrdə ölkəmizin təcrübəsi ilə bölüşüb, milli qanunvericilikdə tətbiq olunan mexanizmlər, son dövrlərdə baş vermiş insidentlər və onlara qarşı görülmüş cavab tədbirləri barədə tədbir iştirakçılarına məlumat verib.













