Baş Prokurorluq bəraət alan vətəndaşla bağlı açıqlama yaydı -VƏKİLDƏN İSƏ CAVAB GECİKMƏDİ

  • By admin
  • 07 Avqust 2021 16:56

Baş Prokurorluq Gununsesi.info saytında dərc olunmuş “Məhkəmənin bəraət verdiyi vətəndaşı yenidən həbs etmək istəyirlər- KAMRAN ƏLİYEVƏ MÜRACİƏT”  başlıqlı yazıya dair açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Z.Hüseynli barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə əsassız məlumatlar yayılmışdır.
Bununla bağlı bildiririk ki, Z. Hüseynlinin  prokurorluğun formasında şəkili həkk edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.
Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1 (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 7 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir.
Həmin məhkəmənin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilmişdir.
Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir”.

Z.Hüseynlinin vəkili Ramin Qocayevin bu açıülamaya cavabı gecikməyib:

Baş Prokurorluğun Mətbuat Xidmətinin hüquqlarını müdafiə etdiyim  Z.Hüseynli barəsində mətbuatı yanlış yönləndirən və ictimaiyyəti çaşdıran açıqlamasına tərəfimdən münasibət bildirmək zərurəti və məcburiyyəti yaranmışdır.

Bildirmək istəyirəm ki, çox təəssüflər olsun ki, prokurorluq iş üzrə məhkəmə hökmündə də öz təsdiqini tapan açıq şəkildə kriminal qruplaşmalar tərəfindən təhdid olunan Z.Hüseynlinin kimlər tərəfindən təhdid olunduğunu və həmin cinayətkar şəxslərin kimliyini, əhatəsini müəyyənləşdirmək və bu xüsasata münasibət bildirmək əvəzinə müdafiəçisi olduğum şəxsin cinayət işinə heç bir aidiyyatı olmayan və guya keçmişini əks etdirən məlumatlar yaymaqdadır. Qeyd edim ki, bütün bu təhdidlər, hədə-qorxular və təzyiqlər istər ibtidai istintaq zamanı Z.Hüseynlinin telefonuna keçirilmiş baxış zamanı, istərsə də birinci instansiya məhkəməsində tam öz təsdiqini tapmışdır. İndi siz deyin sadə bir vətəndaşa qarşı qanunun yol vermədiyi bu cür üsul və vasitələrdən istifadə etmək nə dərəcədə doğrudur? Necə ola bilər ki, məhkəmə hökmündə onlarla ittihamı təkzib edən, ümumiyyətlə ittihamın tam qanunsuz və əsassız olduğunu sübut edən xüsusatlara prokurorluq tərəfindən heç bir münasibət bildirilmədiyi təqdirdə yalnız və yalnız Z.Hüseynliyə qarşı əvvəllər baş vermiş hərəkətləri qabartmaqla hazırki qanunsuz hərəkətlərini pərdələməyə cəhd göstərmişlər. Bu nə dərəcədə doğrudur???

     Uzun müddət istintaq orqanlarında və eyni zamanda prokurorluqda işləməyimə baxmayaraq indiyədək belə bir ittihamla heç vaxt rastlaşmamışam. Çox təəsüf ki, prokurorluq hüququn yol verdiyi və vermədiyi bütün üsul və vasitələrlə məhkəmə tərəfindən qanuni şəkildə çıxarılmış hökmünün ləğvinə göstərdiyi cəhdi hesab edirəm ki, Z.Hüseynlini təhdid edən şəxslərin əhatəsini müəyyənləşdirirək, onları cinayət məsuliyyətinə cəlb etməyə çalışmalıdır. Müdafiə etdiyim şəxsi intihara sövq etmək yox, işin qanuni və obyektiv araşdırılmasına təkan vermək lazımdır.

     Mən hesab edirdim ki, prokurorluq konkret olaraq müdafiəçisi olduğum şəxsi təhdid edən, ona hədə-qorxu gələn şəxslərin bu qanunsuz hərəkətlər barədə illərdir etdiyi şikayət və müraciətlərin niyə indiyədək araşdırılmadığına aydınlıq gətirəcəkdi. Lakin prokurorluğun mətbuat xidmətinin açıqlaması məndə təəssüf hissi doğurur ki, bu gün təhdidə, təzyiqə məruz qalan şəxsin hüquqlarının müdafiəsi əvəzinə, həmin şəxsi təhdid edən şəxslərə bir növ haqq qazandırılır. Bu isə hesab edirəm ki, ümumiyyətlə hüququn aliliyi prinsipinə ziddir. Eyni zamanda prokurorluq verdiyi açıqlamada məhkəmənin verdiyi bəraət hökmünün əsassız olmasına dair bir arqument belə göstərə bilməmişdir.

       Mənə isə müdafiəçi olaraq verilmiş ittihamın qanunsuz və əsassız olmasının bütün faktlarla göstərmək üçün saatlarla vaxt lazımdır. Lakin qısaca bir nüansı nəzərinizə çatdırım ki, hidrometerologiya xidmətinin verdiyi cavab məktubu da bir daha onu göstərir ki, həmin vəsiqə ümumiyyətlə yerdən tapılmamış və kimlərsə tərəfindən hazırlanılıb Z.Hüseynlidən intiqam almaq üçün birbaşa polis əməkdaşlarına təhvil verilib. Çünki həmin gün ölkəmizdə intensiv yağıntı və güclü külək olmuşdur. Belə olan halda həmin vəsiqənin dəmirdən, daşdan və ya hansısa bərk materialdan hazırlanmadığını nəzərə alaraq üzərində heç bir cızıq belə olmaması və tamlığının zərrə qədər pozulmaması bir daha vəsiqənin yerdən tapılmadığına dəlalət edir. İşin maraqlı tərəfi isə necəsə həmin vəsiqə polis əməkdaşlarının qabağına çıxmışdır. Lakin prokurorluq ümumiyyətlə bu vəsiqənin necə polis əməkdaşlarının qarşısına çıxmasını və tamlığının heç bir şəkildə necə pozulmamasını araşdırmamışdır.

    Yuxarıda da göstərdiyim kimi bir hidrometerologiya xidmətinin verdiyi cavab məktubu belə bu ittihamin nə dərəcədə qondarma və saxta olduğunu göstərir. Hesab edirəm ki, baş prokurorluğun mətbuat xidməti açıqlama verən zaman Cinayət Prosesual Məcəlləsinin  tələblərini zidd olaraq məhkəmə tərəfindən ibtidai istintaqda araşdırılmalı olduqları xüsusatların araşdırılmasının vəzifəsini məhkəmənin üzərinə qoyulması tam qanunsuzdur. Bu müstəvidə qanunsuz olaraq verilmiş vəsatətə və vəsatətin müzakirəsi ibtidai istintaqı əvəz edən məhkəmə instutuna münasibət bildirilsə idi bu daha doğru dürüst olardı. Bu bir daha qərəzin, sifarişin olmasını açıq şəkildə göstərir.

      Həmçinin qeyd etmək istəyirəm ki, prokurorluğun məntiqindən belə çıxır ki, istənilən adam istənilən şəxsə pislik etmək üçün bu vasitədən istifadə edə bilər. Çox xoşagəlməz bir presedentin əsası qoyulmaqdadır. Saxta vəsiqəni hazırlamaq elə də çətin bir iş deyil. Bununla da insanları şərləməyin, qısasçılığın yeni bir növü ortaya çıxır. Bu da hamı üçün xoşagəlməz presedent olacaq. Belə bir xoşagəlməz presendenti hüquqa gətirməkdənsə ümumiyyətlə bu cür halların qarşısının alınması üçün işlək bir mexanizmanı hüquqa gətirmək lazımdır.

     Mən həmişə prokururorluğu kriminalla mübarizənin önündə görmüşəm, hər zamanda inanmaq istəyirəm ki, yenə də kriminalla mübarizənin önündə olacaqlar.

     Ümid edirəm ki, prokurorluğun heç bir təzyiq və təsir vasitəsi məhkəmənin ədalət instituna xələl gətirə bilməyəcək və ədalət öz yerini tapacaq.

      Son olaraq qeyd etmək istəyirəm ki, ümumiyyətlə bu cür haqsızlıqlar, təzyiqlər vətəndaşı dövlətdən küsdürür və narazı salır. Bununla da vətəndaşlar tərəfindən dövlətə və hüququn aliliyinə olan inam azaldılır.