
Ötən dövrlərdə olduğu kimi, 2016-cı ildə də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu barədə 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
Xüsusilə vurğulanıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
Gununsesi.info