Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Gununsesi.info xəbərinə görə, məlumatda deyilir: “2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.
Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.
Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.
Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.
Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.
Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Gununsesi.info