Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.
Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcək:
“Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”.
Gununsesi.info