Baş redaktor Ali Media Mükafatına layiq görülüb

  • By admin
  • 22 İyul 2016 18:19

rafiqa

“Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, istedadlı jurnalist Rəfiqə xanım Sadıqova Azərbaycan Mətbuat Şurası tərəfindən Ali Media Mükafatına layiq görülüb.

Sənətinin vurgunu, jurnalistika işinin şərəf və məsuliyyətini dərindən duyan Rəfiqə xanım Sadıqova yorulmaz fəaliyyəti, peşəkar işgüzarlığı ilə gənc nəslə nümunədir. Onun əldə etdiyi uğurlar sənətinə tükənməz sevgisi və yorulmaz fəaliyyətinin nəticəsidir.

Ölkənin region mətbuatı jurnalistləri arasından Rəfiqə xanımın bu mükafata layiq görülməsi sevindirici və qürurverici haldır. O, Gəncə şəhərində son illərdə baş verən möhtəşəm abadlıq-quruculuq işlərini, yenilikləri ovsunlu qələmi ilə mətbuat səhifələrində işıqlandırır, şəhərinin ictimai-siyasi həyatında fəal iştirak edir.

Müasir media ənənələrinin formalaşmasındakı xidmətlərinə görə Ali Media Mükafatına layiq görülən publisist-yazıçı, yaradıcı ziyalı Rəfiqə xanım Sadıqovanı təbrik edir, həyat və fəaliyyətinin hər bir sahəsində uğurlar arzulayırıq!

Qeyd edək ki, Ali Media Mükafatı Mətbuat Şurası tərəfindən təsis olunub. İldə bir dəfə – Mətbuat Günündə Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə jurnalistikanın inkişafında rol oynayan məhdud sayda kütləvi informasiya nümayəndələrinə və media orqanlarına təqdim olunur.