Baş verənlər artıq Paşinyanla Putinin şəxsi məsələsi deyil - İRƏVANIN AVROPAYA İNTEQRASİYA KURSUNU XALQ BİRMƏNALI DƏSTƏKLƏYİR

  • By admin
  • 05 Mart 2024 10:47

“Əgər Yerevan Moskvadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq kursunu bundan sonra da davam etdirərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə “yenidən baxmalı” olacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Ermənistan rəhbərliyinin getdikcə kəskinləşən tənqidlərini rədd edib və deyib ki, Ermənistan hökuməti ölkənin istiqamətini “dünyada heç kimə xeyir gətirməyən düşmənlərə” sarı reoriyentasiya edib:

“Ermənistanda nədənsə hesab edirlər ki, öz həyatlarını yaxın qonşularla və tarixən sənin xalqınla həmrəy xalqlarla yox, sənin dostlarınla düşmənçilik edən ölkələrlə qurmaq lazımdır”.

Sergey Lavrov Ermənistan rəhbərliyini Kollektiv Təhlükəszlik Müqaviləsi Təşkilatında (KTMT) “dondurulmuş üzvlüyü” və Avrasiya İqtisadi İttifaqında iştirakı məsələsində “son seçim” etməyə çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Lavrov Yerervanı 6 həftəlik müharibəni dayandırmış Rusiyaya münasibətdə nankorluqda ittiham edib. Lavrov bildirib ki, məğlubiyyət üçün məsuliyyəti Yerevanın özü daşıyır:

“Müharibə daha tez, azərbaycanlılar hələ Şuşanı götürmzədən əvvəl dayandırıla bilərdi. Amma Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin təklifinə cavab olaraq deyib ki, “biz sonadək vuruşacağıq”.

Rusiya xaric işlər naziri eyni şəkildə Yerevanın KTMT barədə tənqidlərini də rədd edib. O deyib ki, 2022-ci ildə KTMT-nin “müşahidəçilər missiyası” göndərilməsini nəzərdə tutan razılaşmasına məhz Paşinyan veto qoyub.

Siyasi şərhçi Elçin Rüstəmli isə Gununsesi.info-ya deyir ki, Ermənistanla Rusiya arasındakı mövcud münasibətlər artıq Paşinyanla Putinin şəxsi məsələsindən çıxıb: “Əvvəllər belə bir fikir yaradılırdı ki, Paşinyanın şəxsi istəyi ilə bu proses gedir və guya erməni xalqı bunu istəmir.  Amma Rusiyanın Ermənistana qarşı çirkin planları ifşa olunduqca, bu, artıq Ermənistan dövlətinin və xalqının məsələsinə çevrildi. Bugün erməni xalqı yaxşı dərk edir ki, Rusiya bu ölkədə dövlət çevrilişi etmək niyyətindədir. Ermənsitanla Avropa İttifaqı arasında yaxınlaşma bu ölkəyə böyük perspektivlər vəd edir. Ermənistanda islahatlar üçün yüz milyonlarla yardımlar daxil olur. Bu yardımlardan hökumət strukturları ilə yanaşı, həm də vətəndaş cəmiyyəti yararlanır. Artıq Ermənistanda güclü vətəndaş cəmiyyəti, azad media mühiti yaradılıb ki, bu da sadə erməni xalqının çoxdankı arzusu idi. Deməyim odur ki, indi məsələ Paşinyan-Putin məsələsi deyil. Paşinyanın avrointerqasiya kursunu xalqı birmənalı dəstəkləyir”.

Elçin Rüstəmli deyir ki, Ermənistan bu yolu seçərkən Qərbdən ciddi təhlükəsizlik qarantiyası olub:

“Paşinyana qarşı Rusiyanın sui-qəsd cəhdlərinə qədər məsələlər nəzərə alınıb. Bugün Paşinyanın mühafizəsi Qərbin xüsusi xidmət orqanlarının ciddi nəzarəti altındadır”. 

Afət Abbasova

Gununsesi.info