Maddi-sosial durumları ağır olan İmişli sakinləri iddia edir ki, yardım məqsədilə ayrılan vəsaitin çox az hissəsi onlara çatırdı. Deyirlər ki, hesablarına köçürülən vəsaitin əsas hissəsini İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri əllərindən alırdı. Bu barədə onlar aprelin 1-də İmişlinin keçmiş icra başçısı, 2 ilə yaxındır həbsdə olan Vilyam Hacıyevin məhkəməsində danışıblar.
“Gətirib 6 mini Cəmil Musayevə verdim”
Teymur Quliyev danışır ki, maddi baxımdan çətin vəziyyətdə yaşayırdılar, atasının da səhhətində ciddi problemlər vardı. Ona məsləhət görüblər ki, yardım üçün icra hakimiyyətinə müraciət etsin. O da müraciət edib.
“Cəmil Musayev (hələ də icra hakimiyyətində baş mühasib vəzifəsində çalışır) mənə dedi ki, sənə 7 min ayrılacaq, min manatı özün götürəcəksən, qalanını bizə verəcəksən. Banka pul köçürüldü, gedib çıxartdım, gətirib 6 mini Cəmil Musayevə verdim”, – şahid kimi məhkəmədə dindirilən Quliyev bildirib.