
Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamından 8 aya yaxın zaman ötsə də ancaq dahi şairimizin adına layiq tədbirlərin şahidi olmadıq.
Qeyd edək ki, bu il ərzində Türkiyə hökuməti, TRT və qardaş ölkənin çoxsaylı vətəndaş cəmiyyəti qurumları Azərbaycanın milli-istiqlal şairinin 130 illik yubileyi ilə bağlı yüksək səviyyəli tədbirlər təşkil edib.
Azərbaycanda isə bu tədbirlər ya olmayıb, olubsa da belə hansısa universitetin iclas salonunda geniş ictimaiyyətdən xəbərsiz keçirilib.
Görünür, başı korrupsiyaya və nazirliyin büdcəsini talamağa qarışan mədəniyyət naziri Anar Kərimov üçün Əhməd Cavad böyüklüyü elə də önəm daşımır.
Qeyd edək ki, ölkə başçısının sərəncamında yubiley tədbirləri Mədəniyyət Nazirliyinə həvalə olunub.
Gununsesi.info-nun bu fəaliyyətsizliklə bağlı Mədəniyyət Nazirliyindən münasibət öyrənmək cəhdləri baş tutmayıb.
LƏMAN ƏLƏŞRƏFQIZI: “MƏN SƏRƏNCAM VERİLƏNDƏ BELƏ GÖZLƏNTİM YOX İDİ”
Tanınmış jurnalist Ləman Ələşrəfqızı Gununsesi.info-ya açıqlamasında onun üçün təəccüblü bir şeyin olmadığını deyib: “Əhməd Cavadın 130 illi ilə bağlı yubiley tədbirləri üçün sərəncam veriləndə digər cümhuriyyət qurucularına olan münasibəti xatırladım. Məhəmməd Əmin Rəsulzadə ilə bağlı da belə sərəncam var idi. Bu sərəncamın icrası isə hansısa məktəbdə və universitetdə bir mühazirə ilə yekunlaşdı. Ona görə də ilin başa çatmasına az qalsa da Əhməd Cavadla bağlı heç bir tədbirin şahidi olmadıq. Açığı mən təəccüblənmədim. Hər ikisi eyni dövrün şəxsiyyətləridir, eyni amala xidmət ediblər. Ona görə də fərqli münasibət gözləmirdim. Belə də oldu. Bu gün Əhməd Cavadla bağlı xatırlaya biləcəyim heç bir tədbir olmadı. Mən bu haqda sosial şəbəkədə də yazmışdım. Türkiyədə keçirilən tədbirlərdə olmuşam və qardaş ölkənin bizim dahi şairə verdiyi dəyərin şahidi oldum”.
PƏRVİZ HƏŞİMLİ: “GÖRÜNÜR, NAZİRLİYİN BAŞI KORRUPSİYAYA QARIŞIB”
Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də həmkarı ilə eyni fikirdə olduğunu deyib: “Xalq Cümhuriyyəti qurucularına olan ogey münasibət Əhməd Cavada da eynidir. Türkiyə dövlətinin dahi şairimizə olan sevgisinə baxaq. Prezident Ərdoğan Kiprə səfərində Əhməd Cavadın şeiri ilə qarşılanıb. Ankaranın ən böyük salonlarında minlərlə insanın iştirakı ilə şairin yubiley tədbiri keçirildi. Türkiyədə Əhməd Cavadın adına park salındı, küçə verildi, heykəli qoyuldu. Hamımız buna şahidlik elədik. Biz heç olmasa Türkiyədən bir nümunə götürə bilərdik. Prezident sərəncamı bu ilin aprelində verilib. Amma indiyədək ciddi bir tədbirin şahidi olmamışıq. Görünür, həm də mədəniyyət nazirimizin başı korrupsiyaya qarışıb”.
Afət Abbasova
Gununsesi.info