Baxça müdirəsi Baş Prokurordan nə istəyir? - ELMİRA SƏFƏROVA REGİONAL TƏHSİL MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR

Şirvan şəhər 3 saylı “ Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərova Reginal Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qanunsuzluqla üzləşdiyini iddia edir.

O, buna görə Baş Prokuror Kamran Əliyevə də şikayət ərizəsi yazıb.

HTML tutorial

Üzləşdiyi durum və şikayətləri barədə Gununsesi.info-ya müraciət edən Elmira Səfərova yazır:

Tərəfimdən 2022-ci ilin iyun ayının əvvəlində yazılı şəkildə tərtib edilərək Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə şikayət ərizəsi göndərmişəm. Həmin şikayətdə Şirvan şəhər baxçalarında kütləvi hal daşıyan pozuntularla yanaşı, Şirvan şəhər İcra Hakimiyyətində sektor müdiri-baş mühasib vəzifəsində işləyən (daha öncə uzun illər Şirvan şəhər Maliyyə idarəsinin rəisi işləyib) Həzi Qasımov, keçmiş Şirvan şəhər təhsil şöbəsinin müdiri və hal hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsini müdir müavin Rövşən Allahverdiyevin, həmçinin hazırda 13 saylı orta məktəbin direktoru işləyən, Təhsil Nazirliyinin yazılı əmri olmadan uzun müddət qeyri-qanuni olaraq Şirvan şəhər 16 saylı məktəbin direktoru vəzifəsini icra etmiş və həmin dövrdə bütün maliyyə-təsərrüfat sənədlərinə imza etmiş Aynurə Rzayevanın (hansı ki, İcra Hakimiyyəti başçının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevin baldızıdır) əməlləri ilə bağlı məlumat verilərək araşdırılma aparılması xahiş olunmuşdur.

Şikayətimdə adlarını çəkdiyim bu şəxslər göründüyü kimi şəhər səviyyəsində yüksək vəzifə daşıyırlar və məhz bu səbəbdən onların əməllərinə qiymət verilməli olması üçün Şirvan şəhər prokurorluğuna deyil, Baş prokurorluğa və digər qurumlara yazılı müraciət etdim, lakin təəssüf ki, şikayətim araşdırılması üçün Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə deyil, Şirvan şəhər prokurorluğuna göndərildi. Mənim şikayətim Şirvan şəhər prokurorluğuna daxil olduqdan 1 aya yaxın müddət sonra, yəni 06.07.2022-ci il tarixdə müdiri olmuş olduğum dək Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasına Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən basqın təşkil olunaraq güya yoxlama aktı tərtib olunmuş və adıçəkilən şəxslərin sifarişi ilə həmin akt əsasında Şirvan şəhər prokurorluğunda 03.08.2022-ci il tarixdə faktiki olaraq barəmdə cinayət işi başlanılmışdır. Yəni görünən odur ki, ilkin olaraq 2022-ci ilin iyun ayının əvvəlində mənim verdiyim şikayətin araşdırılmasına mane olmuşlar, sonra isə qısa müddətdə özümün barəmdə güya israf etmə ilə bağlı cinayət işi başlanılmışdır.

Belə ki, Baş prokurora 2022-ci ilin iyun ayında ünvanladığım şikayətin araşdırılmamasından bəhrələnən Şəhər İcra Hakimiyyətinin müavini Məharət Mustafayev, Maliyyə sektorunun müdiri Həzi Qasımov və Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev məsuliyyətdən yayınmaqla kifayətlənməmiş, yazdığım şikayətə görə məni cəzalandırıb həm Şirvan Şəhər Prokurorluğunda barəmdə cinayət işinin başlanılmasını təmin etmiş, həm də 22 avqust 2022-ci il tarixdən işdən çıxarılmağıma nail olmuşlar. Bundan sonra mənə məlum olduqda ki, Baş prokuror tərəfindən Şirvan şəhərində vətəndaşların qəbulu həyata keçiriləcək mən həmin qəbula yazılıb, Baş prokurorluğa 2022-ci ilin iyun ayının əvvəlində ünvanladığım şikayətin, barəmdə başlanılmış və Şirvan Şəhər Prokurorluğu tərəfindən istintaq edilən cinayət işinin, habelə 2021-ci ilin noyabr ayında xitam verilmiş 210266021 nömrəli cinayət işi üzrə icraat təzələnərək üçünün də araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi ilə bağlı yazılı tərtib olunmuş xahişlə 26.08.2022-ci il tarixdə müraciət etdim.

Təəccüb və təəssüf doğuran məqam ondan ibarətdir ki, hətta bilavasitə Baş prokuror cənab Kamran Əliyevə müraciət təqdim etməyimə baxmayaraq, müraciətim və əvvəlki şikayətlərimlə bağlı mən nə Baş prokuroluğa, nə də ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə deyil, 26.09.2022-ci il tarixdə Şirvan şəhər prokurorluğuna çağırıldım, bu çağırışdan öncə isə mənə Baş prokurorluqdan müraciətlərimdə göstərdiklərim xüsusatlara heç bir aidiyyəti olmayan məzmunlu 01.09.2022-ci il tarixli 04/10236 saylı məktubla cavab verilmişdir.

Maraqlıdır məqamlardan biri də ondan ibarətdir ki, tərəfimdən 26.09.2022-ci il tarixdə bilavasitə Baş prokuror cənab Kamran Əliyevə yazılı müraciət təqdim olunur, müraciətimi isə cəmi 3-4 günə güya araşdırıb 01.09.2022-ci il tarixli məktubla cavab verilir.

Müraciətimi cavablandırdıqdan sonra isə araşdırma (daha doğrusu təziq) üçün Şirvan şəhər prokurorluğuna çağırılıram.

Həm 2022-ci ilin iyun ayının əvvəlində tərtib edərək göndərdiyim, həm bilavasitə Baş prokuror cənab Kamran Əliyevə 26.09.2022-ci il tarixdə təqdim şikayətləri, həm 01.09.2022-ci il tarixli məktubu, həm də müraciətlərimdə adlarını çəkdiyim Şirvan şəhərinin yüksək vəzifəli şəxslərinin əməllərindən birinə dəlalət edən 07.04.2021-ci il tarixli məktubu hazırki müraciətimə nəhayət ki, ədalətli araşdırma aparılacağı ümüdü ilə əlavə edirəm.

Bir daha xüsusilə vurğulayıram ki, ilk əvvəl geniş şikayət ərizəsi ilə müraciət etdim, müraciətim araşdırılmadı, sonraki 1-2 ay müddət ərzində isə özüm işdən çıxarıldım və şikayətlərimə son qoymaq üçün təsir vasitəsi kimi barəmdə Şirvan şəhər prokurorluğunda cinayət işinin başlanılması təşkil olundu.

Hesab edirəm ki, həm şikayətimin, həm barəmdə sifarişlə başlanılmış cinayət işinin Şirvan şəhər prokurorluğunda hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilə bilmədiyindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməlidir.

Gununsesi.info