Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin növbəti mövsümdə Milli Məclisdə müzakirəyə çıxarılacağı ehtimalı var. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
Qanun layihəsi qəbul olunacağı təqdirdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinə qaytarılması baxçalarla bağlı nəyi dəyişəcək?
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması daha səmərəli ola bilər.
“Məktəbəqədər təhsil müəssisələri ilə bağlı aparılan siyasət ürəkaçandır. Bilirik ki, uzun illər bu müəssisə Təhsil Nazirliyinin tabeliyində olub.
Sonrakı dövrlərdə rayon üzrə İcra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı. Bir təhsil işçisi kimi düşünürəm ki, əgər söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında “təhsil” ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı bir məsələdir. Mənə elə gəlir ki, əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər. Söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər, maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı olar. Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır”.
Xanım deputat məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların yaş məsələsinə də aydınlıq gətirib.
“Vaxtilə 1 yaşına yaxın uşaqlar bağçaya götürülürdü. Həmin azyaşlılar “yasli” deyilən qrupda toplanırdı. Təbii ki, bu da çox əhəmiyyətlidir. Çünki hər bir qadın işləyir. Olur ki, övladını harasa qoymağa yer olmur. Evə əlavə dayələr dəvət etmək maddi baxımdan çətin olur. Bu da başqa bir söhbətin mövzusudur. Evə çağırılan dayə nə dərəcədə etibarlıdır?! Əlbəttə, geniş ictimai nəzarətin altında uşağı hansısa quruma yerləşdirib orada müəyyən vərdişlərə yiyələnməsi, tərbiyə alması həm uşaq üçün, həm də maddi baxımdan ailə üçün daha faydalıdır. Ona görə də həmin qrupların canlandırılması əhəmiyyətli məsələdir. Düşünürəm ki, görülən işlər yaxın zamanlarda öz bəhrəsini verəcək”.