Baxın, görün, demokratik sistemlər necə çalışır….

Qaydalara riayət etməyən, işində nöqsanlar buraxan baş nazir Boris Conson vəsifəsindən kənarlaşdırıldı, işini bacarmayan baş nazir Liz Truss istefa verdi, 7 həftənin içində ölkədə 3 baş nazir seçildi, sonda tarixi qərar verildi, Hindistan mənşəli, hindli sifətli Rişi Sunak baş nazir seçildi. Əgər o da işini bacarmazsa istefa verəcək, nöqsanı olacaqsa işindən kənarlaşdırılacaq, yaxşı işləyərsə müddəti başa çatandan sonra özü kənara çəkiləcək. Digər vacib məqam da odur ki, onların hər biri xələflərini təbrik etdi, sələfləri ilə normal münasibətlərini də davam etdirir. Nəhayət onu da qeyd edim ki, bu seçimdə cəmiyyətin maraqları nəzərə alındı. Belə ki, Rishi Sunak iqtisadçı olduğuna görə partiya yoldaşları tərəfindən dəstəkləndi. Britanyada istehlakçı cəmiyyəti mövcuddur, siyasilər də həmin cəmiyyətin ehtiyaclarını nəzərə alıb, seçim edirlər. Hazırda istehlakçılar iqtisadi siyasətdən, bahalaşmadan narazıdırlar, odur ki, mühafizəkarlar da düşünür ki, belə olan halda sosial-iqtisadi məsələlərə daha çox diqqət yetirən (yəni Ukraynadan çox daxildəki problemlərə) və bu problemləri həll etmək gücündə (ağırlıq qaldırmaq mənasında deyil, təhsil və təcrübə baxımından) olan şəxsə üstünlük vermək lazımdır. Belə oldu, bir vaxtlar koloniyasında olan Hindistan mənşəli Britaniya vətəndaşı bu gündən imperialist ölkənin baş nazir oldu. Baxın, demokratiya budur!

25 oktyabr 2022-ci ildən Böyük Britaniyanın baş naziri seçilən Rishi Sunak kimdir

Rishi Sunakın ailəsi Hindistan mənşəlidir, Britanıyaya Şərqi Afrikadan gəlib. Rishi Winchester College-də təhsil alıb, Oksford Universitetində Siyasət, Fəlsəfə və İqtisadiyyat üzrə oxuyub və MBA üzrə təhsilini Stanford Universitetində (ABŞ) Fulbrayt Təqaüdçüsü kimi alıb. Rişi 2015-ci ilin mayında Riçmond (Yorks) üçün Mühafizəkar Partiyasından deputat seçilib və 2017-ci ilin iyunundan nazir təyinatına qədər Biznes, Enerji və Sənaye Strategiyası Departamentində Parlamentin Şəxsi Katibi vəzifəsində çalışıb.

O, 24 iyul 2019-cu ildən 13 fevral 2020-ci ilədək Xəzinədarlığın Baş Katibi, 9 yanvar 2018-ci ildən 24 iyul 2019-cu ilə qədər isə Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyində Parlament Dövlət Katibinin müavini olub. 2020-ci il fevralın 13-dən 2022-ci ilin 5 iyuluna qədər Maliyyə Nazirliyi vəzifəsinə təyin edilib. Onun siyasətdən əvvəl peşəkar karyerası biznes və maliyyə sahələrində olub, beynəlxalq səviyyədə çalışıb. O, bir sıra xarici ölkələrdə şirkətlərlə işləyən investisiya firmasını qurub. Daha sonra o, bu təcrübədən Britaniya şirkətlərinin böyüməsinə kömək etmək üçün istifadə edib.

Milyader ailəsindən olan Akshata Murthy ilə ailə qurub, onların iki azyaşlı qızı var.

Qubad İbadoğlu