ABŞ prezidenti Co Bayden keçən il qatar qəzasında yayılan kimyəvi maddələrdən təsirlənən Ohayo ştatına səfər edərək ictimaiyyətə həmrəylik mesajı verib.
Gununsesi.info xəbər verir ki, ABŞ prezidenti Bayden qatar qəzasının ildönümündə Ohayo ştatına səfər edib. Qəzanın olduğu qəsəbəyə baxış keçirən Bayden bəzi müəssisələrə baş çəkib, ictimaiyyətlə görüşüb. Şəhəri canlandırmaq üçün çalışdıqlarını qeyd edən Bayden bir çox sosial və iqtisadi proqramlarla bölgəni yenidən inkişaf etdirəcəklərini bildirib.
Bölgədəki təmizlik işləri nəticəsində suyun artıq təmiz olduğuna inandığını deyən Bayden kameralar qarşısında bir stəkan su içib. Ağ Ev, həmçinin Baydenin bölgədəki suyu içməkdən narahat olmadığını açıqlayıb.
Fevralın 3-də ABŞ-ın Ohayo ştatının East Palestine qəsəbəsi yaxınlığında kimyəvi maddələr daşıyan 150 vaqonluq qatarın 50 vaqonunun relsdən çıxması və partlaması nəticəsində kimyəvi maddə ekoloji fəlakətə səbəb olub.
Partlayışlar nəticəsində ətraf mühitə külli miqdarda zəhərli kimyəvi maddə yayıldıqdan sonra ərazi sakinlərinin təxliyəsi qərara alınıb. Hadisədən sonra mətbuatda rayon sakinləri arasında baş ağrısı, göz yanması, öskürək və halsızlıq kimi şikayətlər və heyvanların tələf olması ilə bağlı məlumatlar yayılıb.
Qəzada iştirak edən qatarın bağlı olduğu Norfolk Southern şirkəti açıqlama verərək ərazini ekoloji cəhətdən təmiz şəkildə təmizlədiklərini və qəza nəticəsində yaranan itkilərə görə bölgə əhalisinə maddi yardım etdiklərini açıqlayıb.
Gununsesi.info