Bayden Putinə ən böyük zərbəni vurmağa hazırlaşır - Rusiya SWIFT-dən çıxarılır

  • By admin
  • 26 Fevral 2022 13:20

ABŞ-ın Avropadakı müttəfiqləri cəmi bir neçə gün əvvəl çətin görünən cəzanın tətbiqi ideyasını dəstəkləyir.

ABŞ hakimiyyəti Ukraynanın işğalı səbəbindən Rusiyanın beynəlxalq banklararası məlumat ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi sistemindən kənarlaşdırılması imkanını ciddi şəkildə nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, Bloomberg-in öz mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Avropadakı müttəfiqləri bir neçə gün əvvəl qeyri-mümkün görünən cəzanın tətbiqi ideyasını artıq dəstəkləyir.

İndi ABŞ Prezidenti Co Bayden Administrasiyasının rəsmiləri Avropa İttifaqının rəhbərliyinə necə təsir göstərməyi və Rusiyada SWIFT-i qadağan etmək üçün lazım olan direktivi necə əldə etməyi müzakirə edirlər.

Agentlik mənbələrinin məlumatına görə, ABŞ və Avropa İtifaqının qərarı qaçılmaz deyil. Onlardan ikisi bildirib ki, rəsmilər SWIFT-in nəzarət orqanının bir hissəsi olan Federal Ehtiyat Sistemi ilə məsələni müzakirə edirlər. Digər mənbə isə Avropa Komissiyası ilə danışıqlara başlanıldığını bildirib.

Xatırladaq ki, Böyük Britaniya keçən həftə Rusiyanı SWIFT ödəniş sistemindən kənarlaşdırmaq üçün müttəfiqlərinə çağırış etmişdi. Amma Almaniya və İtaliya da daxil olmaqla bir çox Avropa ölkələrinin hökumətləri Rusiyanın bu beynəlxalq ödəniş sistemindən kənarda qalmasının onların iqtisadiyyatlarına daha çox ziyan vuracağını bildirmişdilər. Fransa bundan ancaq son çarə kimi istifadə etməyi məsləhət görmüşdü.

SWIFT nədir?

SWIFT pulun bir yerdən digərinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturunun adıdır. (Society for Worldwide Interbank Financial Telecommunication – yəni, Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası).

1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən SWIFT sistemində dünyanın 200 ölkəsindən ümumilikdə 11 min maliyyə institutu və bank üzvdür.

2012-ci ildə sanksiya tədbiri olaraq SWIFT-dən ayrılma ilə bağlı ilk hadisə baş verib. Onda ABŞ Senatının Bank Komitəsi İranın nüvə proqramına xidmət etməkdə şübhəli bilinən bütün bankları sanksiya ilə hədələmişdi. Nəticədə İran Kuba, Ekvador, Boliviya, Venesuela və Nikaraquanın qoşulduğu SUCRE ödəniş sisteminə keçdi.

2016-cı ildə nüvə proqramının həlli ilə bağlı razılığa gəldikdən sonra İran yenidən SWIFT-ə qoşuldu.

Lakin artıq 2018-ci ilin payızında İslam Respublikası yenidən beynəlxalq ödəniş sistemindən istifadə etmək imkanını itirdi. Hazırda İrandakı insanlara və ya şirkətlərə pul yalnız dolayı yollarla – BƏƏ, Türkiyə, İraq, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürülə bilər.

2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynadakı daxili siyasi vəziyyətin ağırlaşmasından sonra Qərb ölkələri təzyiq aləti kimi Rusiyanı SWIFT-dən ayırmaqla hədələməyə başladı. Lakin bu cür çağırışların çox olmasına baxmayaraq, təşkilatın nümayəndələri Rusiyanı sistemdən ayırmaq niyyətində olmadıqlarını bəyan etdilər.

Rusiyanın SWIFT-dən ayrılma ehtimalı ilə bağlı müzakirələr 2021-ci ilin yazında, Avropa Parlamenti bunu tələb edən qərar qəbul etdikdən sonra yenidən başladı.

Alternativ olaraq Rusiya SWIFT formatında məlumat ötürə bilən, lakin texnoloji baxımdan daha geridə qalan Maliyyə Mesajlaşma Sistemini (SPFS) inkişaf etdirdi. 2017-ci ildə SPFS tam həcmdə fəaliyyət göstərməyə başladı. İndiyədək bu sistemə 400-dən çox bank qoşulub.

SWIFT-in analoqu həm də ÇXR (CIPS, yalnız yuanla əməliyyatlar üçün nəzərdə tutulub) və Avropa Birliyində var (INSTEX, hələ ki yalnız Avropa ölkələrinin İranla maliyyə əməliyyatları üçün istifadə olunur).

Gununsesi.info