Bayden Şimali Koreya ilə bağlı strategiyanı müəyyənləşdirir

  • By admin
  • 18 Fevral 2021 10:25

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unu nüvə silahlarından imtina etməsinə inandırmaq üçün əvvəlcə təhdidlər, sonra isə şəxsi məktublar və televiziyada nümayiş etdirilən zirvə görüşlərindən istifadə etdi.

ABŞ Prezidenti Co Bayden hazırda Şimali Koreya ilə bağlı öz strategiyasını müəyyənləşdirərkən ABŞ-ın bir çox keçmiş rəsmisi Ağ Evin yanaşmasının Şimali Koreyanın illər sərf etdiyi nüvə silahı proqramından imtina etmək niyyətində olmadığı fikri üzərində əsaslandırılmalı olmasını istəyir.

Koreya üzrə müşahidəçilər bunun heç vaxt baş verməyəcəyini desələr də, ABŞ uzun müddətdir Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir. Çoxları üçün bunun alternativi mümkün deyil, belə ki, Şimali Koreyanın nüvə silahı dövləti kimi tanınması digər dövlətləri də bomba istehsalına başlamağa sövq edərək, regional və ya qlobal səviyyədə silah yarışına səbəb ola bilər.

Lakin tanınsa da, tanınmasa da Şimali Koreya nüvə və raket proqramlarında davamlı irəliləyiş əldə edir. Son hesablamalara görə, Şimali Koreyada 15-60 nüvə başlığı var. Bu ölkə həm də ABŞ-ın hər hansı bir yerinə çata bilməsi mümkün olan raketlər də daxil olmaqla, müxtəlif ballistik raketlərə sahibdir.

Koronavirus və iqtisadiyyat kimi daxili problemlərlə məşğul olan Bayden yeni siyasətinin istiqamətləri ilə bağlı müəyyən işarələr verib.

Dövlət Departamentinin sözçüsü Ned Prays keçən həftə keçirdiyi brifinqdə Şimali Koreyanın nüvəsizləşdirilməsinin ABŞ-ın yanaşmasında “əsas şərt” olaraq qaldığını deyib.

Lakin hətta dövlət katibi Entoni Blinken də bundan əvvəl Şimali Koreya ilə müvəqqəti razılaşmaya çağırış edib.

New York Times qəzetində 2018-ci ildə dərc etdiyi bir məqaləsində Blinken Trampın Pxenyanla danışıqlarda İranla nüvə razılaşmasından bir model olaraq istifadə etməli olduğunu bildirmişdi.

Bu ayın əvvəlində Blinken administrasiyanın Şimali Koreya ilə bağlı geniş siyasətində həm sanksiyalar, həm də diplomatiya yollarını nəzərdən keçirəcəyini deyib.

Gununsesi.info