Bayden və ailəsinin cinayətlərinə görə impiçment təhqiqatı tələb edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markori Teylor-Qrin (ABŞ-nin Corciya ştatından respublikaçı) əmindir ki, hazırkı Prezident Co Bayden barəsində araşdırma aparmaq və onun ailəsinin törətdiyi cinayətləri ört-basdır etməyə kimin kömək etdiyini öyrənmək lazımdır.

“Mən Nümayəndələr Palatasından bu həftə Co Baydenə impiçment elan etməsini xahiş etmirəm. Mən sadəcə olaraq, Co Bayden və illər ərzində Bayden ailəsinin cinayətlərini ört-basdır etməyə kömək edən hər kəs barədə daha ətraflı araşdırmaq üçün impiçment (mümkün olması barədə) təhqiqatının aparılmasını xahiş edirəm. Hər bir respublikaçı bu təhqiqatı dəstəkləməlidir”, – deyə o özünün “X” (keçmiş “Twitter”) sosial şəbəkə hesabında yazıb.

Daha əvvəl Nümayəndələr Palatasındakı respublikaçıların bir hissəsi Baydenin impiçment prosedurunun sentyabrda başlamasının tərəfdarı idilər, lakin qanunvericilər hələ bu məsələdə konsensusa gələ bilməyiblər. Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin (ABŞ-nin Kaliforniya ştatından olan respublikaçı) sözlərinə görə, impiçment ABŞ-nin hazırkı prezidenti və onun ailəsinin korrupsiyada əli olması ilə bağlı həqiqəti aşkar etməyin yeganə yoludur.

May ayında Nümayəndələr Palatasının Nəzarət və hesabat komitəsindəki respublikaçılar Bayden ailəsinin üzvlərinin və onlarla əlaqəli şəxslərin əvvəllər şirkətlər şəbəkəsi vasitəsilə xaricdən milyonlarla dollar aldıqlarına dair sübutlar əldə etdikləri barədə məlumat vermişdilər.

Komitə sədri Ceyms Komerin sözlərinə görə, söhbət Bayden ailəsinin və onlarla əlaqəli şəxslərin varlanmaq məqsədilə istifadə etdikləri 20-dən çox şirkətin mürəkkəb və şübhəli şəbəkəsindən gedir.

Bu firmaların əksəriyyəti Bayden vitse-prezident vəzifəsində çalışarkən yaradılmış məhdud məsuliyyətli şirkətlər idi. Komerin dediyinə görə, bank hesabatlarında Bayden ailəsinin, onunla əlaqəli insanların və onların şirkətlərinin əcnəbilərdən və onların şirkətlərindən 10 milyon dollardan (17 milyon manat) çox pul aldığını göstərir.

 

Gununsesi.info