Bayden və Netanyahu Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

  • By admin
  • 07 Noyabr 2023 14:26

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər “Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri” müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

Açıqlamaya görə, tərəflər, həmçinin “Həmas tərəfindən uşaqlar və bəzi Amerika vətəndaşlarının da olduğu girovlar”la bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, “hər iki lider son bir həftə ərzində humanitar yardımın artmasını alqışlayıb və təchizatın əhəmiyyətli dərəcədə genişləndirilməsinin zəruriliyini müzakirə ediblər”.

İordan çayının qərb sahilindəki vəziyyətdən danışan ABŞ prezidenti “ekstremist məskunlaşanların zorakılıq əməllərinə görə məsuliyyətə cəlb edilməsinin zəruriliyinə” işarə edib.

“Liderlər mülki şəxslərin döyüş bölgələrini təhlükəsiz tərk etmələrinə imkan verəcək taktiki fasilələrin mümkünlüyü, habelə ehtiyacı olan mülki şəxslərə humanitar yardımın çatdırılmasını və girovların azad edilməsi imkanlarını müzakirə ediblər”, – Ağ Evin açıqlamasında deyilir.

Gununsesi.info