ABŞ Ukraynanı yardımsız qoya bilməz.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Vaşinqtonda Vladimir Zelenski ilə birgə konfransı zamanı deyib.
“Əgər biz onu tərk etməsək, Ukrayna bu müharibədən güclü, qürurlu və Qərb sistemində möhkəm şəkildə çıxacaq. Amerikalılar Ukraynanın uğurunu dəstəkləməkdə oynadıqları rolla fəxr etməlidirlər. Biz bacardığımız qədər Ukraynanı lazımi texnika və silahlarla təmin etməyə davam edəcəyik”, – o bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-ın Ukraynaya kömək edə bilməyəcəyinə mərc edir. “Buna görə də onun (Putinin -red.) yanıldığını sübut etməliyik. ABŞ Konqresi dəstək verməlidir. Biz başa düşməliyik ki, bütün dünyada bu vəziyyətə necə yanaşırlar, Rusiya bundan necə istifadə edir”, – Ağ Ev rəhbəri vurğulayıb.
Bununla bağlı Bayden qeyd edib ki, ABŞ Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməlidir.
Vladimir Zelenski öz növbəsində qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müharibənin əvvəlindən Rusiya qoşunlarının işğal etdiyi ərazilərin 50 faizinə artıq nəzarəti bərpa edib və Qara dənizdə də uğur qazana bilib. “Biz səmada üstünlük qazanmaq istəyirik, bu, 2024-cü ildə mövqeyimizi gücləndirəcək. Səmaya nəzarət edən müharibənin müddətini də idarə edir”, – deyə o bildirib.
Ukrayna prezidenti bildirib ki, demokratlar və respublikaçılar onu tam dəstəkləyəcəklərinə əmin ediblər. “Bu gün mən hər iki partiyanın nümayəndələri ilə çox danışdım: həm demokratlar, həm də respublikaçılar bizi hərtərəfli dəstəkləyəcəklərinə əmin etdilər. İndi baxaq. Lakin bundan əvvəl biz həmişə strateji tərəfdaşımız olan ABŞ-ın dəstəyinə inanırdıq”, – deyə o bildirib.
Gununsesi.info