Baydendən Əliyevə məktub: Vaşinqtonun Qarabağ mesajı və Bakının strateji dəyəri

  • By admin
  • 22 Mart 2022 09:03

ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu iki kontekstdə diqqət çəkir:

Birincisi, Ukraynada başlananan müharibədən sonra dünyada mövcud vəziyyətdir: məktubun səbəbi Novruz bayramı olsa da, ABŞ prezidentinin Bakıya üz tutması Prezident İlham Əliyevin qlobal qarşıdurmada oynadığı rol baxımından təsadüfi deyil; Azərbaycan lideri hazırda Qərb-Rusiya qarşıdurmasında hər iki cəbhənin xüsusi əhəmiyyət verdiyi və Ukrayna böhranının həllinə nail ola biləcək azsaylı siyasətçilərdəndir.

– Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, region ölkələrinin heç birinin etmədiyi qədər humanitar yardımlar edir;
– Rusiya ilə münasibətləri öz milli maraqları çərçivəsində saxlayır;
– Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik edən və böhranın həllinə nail ola biləcək əsas ölkələrdəndir: problemin həlli istiqamətində əhəmiyyətli səy göstərən qardaş Türkiyənin Ukrayna mövzusunu mütəmadi olaraq Azərbaycanla müzakirə etməsi bu kontekstdə təsadüfi deyil;

Belə bir məqamda Baydenin İlham Əliyevə məktubu Vaşinqtonun həm regional, həm də qlobal səviyyəli məsələlərdə Bakıya əhəmiyyət verməsindən də qaynaqlanır.

İkincisi, təbrik məktubunun mətnidir və orada qeyd olunanlar çox şeydən xəbər verir.

– Səmimi jest: məktubun ingilis dili mətnində də “Novruz bayramı” ifadəsi Azərbaycan dilində qeyd olunur və bu detal dünyanın supergücü olan dövlətin Azərbaycana qarşı səmimi jesti kimi qiymətləndirilər bilər; adətən bu cür diplomatik jestlər jesti edən ölkənin qarşısındakı ölkəyə dəyər verdiyini nümayiş etdirmək gedişidir;

– Bayden əməkdaşlığa sadiqdir: məktubda qeyd olunur ki, “bu yenilənmə (Novruz bayramı ilə baharın gəlişi nəzərdə tutulur-red) zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır”; ABŞ prezidenti bununla bəyan edir ki, Azərbaycanın indiyə qədər sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirir, təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarına sadiqdir və əməkdaşlığı davam etdirəcəklər; bura regional təhlükləsizliklə yanaşı, Avropanın enerji təhlükəsizliyi, eləcə də qlobal sülhün əldə edilməsi kimi məsələlər daxildir;

– Vaşinqtonun postmünaqişə mesajı: məktubda ən diqqətçəkən məqamlardan biri “Qarabağ” ifadəsinin işlədilməməsidir, hərçənd, indiyə qədər okeanın o tayından göndərilən məktublarda, yaxud verilən bəyanatlarda bu məsələyə həmişə toxunulub və Baydenin indi göndərdiyi məktub isə ABŞ-ın münaqişənin həll edildiyi məsələsində Bakı ilə həmfikir olduğunu nümayiş etdirməsi kimi qəbul edilə bilər; əksinə, məktubda qeyd olunur ki, “ABŞ Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”; və bununla Vaşinqton postmünaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərinin normallaşması istiqamətində işləmək istədiyini bəyan edir; postmünaqişə dövrünün əsas tələbi Bakının irəli sürdüyü sülh sazişinin imzalanmasıdır, Baydenin məktubunun mətni deməyə əsas verir ki, ABŞ-da bu məsələdə, ümumilikdə bölgədə sülhün əldə edilməsini istəyir və ən əsası bu istiqamətdə Azərbaycanla işləyəcək; bunun ABŞ-ın müharibədən sonrakı reallığı qəbul etməsi olduğunu da deyə bilərik;

– Bayden Əliyevlə yeni istiqamətlər üzrə işləyəcək: ABŞ prezidentinin məktubunun mətni bunu deməyə əsas verir və onu göstərir ki, ABŞ Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də sıx əməkdaşlıq etmək, bunu təkcə ənənəvi sahələr üzrə deyil, həm də yeni istiqamətlər üzrə davam etdirmək niyyətindədir;

ABŞ prezidentinin təbrik məktubu, ümumilikdə son bir neçə ayda dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri, ünvanladıqları məktublar Azərbaycan liderinin beynəlxalq aləmdəki nüfuzunu, eləcə də Azərbaycanın dünyadakı yerini göstərir.

Gununsesi.info