
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu mülki insanları qorumaq üçün “etibarlı” planı olmadan Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qurudan hücuma keçməməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ və İsrail liderlərinin telefon danışığından sonra Ağ Evin açıqlamasında deyilir.
Məlumata görə, iki tərəf “Həmas tərəfindən saxlanılan bütün qalan girovların azad edilməsi üçün davam edən səyləri” müzakirə edib.
“Rəfahda 1 milyondan çox insanın təhlükəsizliyini təmin etmək üçün etibarlı və mümkün plan olmadan hərbi əməliyyat başlamamalıdır”, – Amerika lideri deyib.
Ağ Ev əlavə edib ki, Bayden “günahsız fələstinlilərə humanitar yardımın effektivliyini və ardıcıllığını artırmaq üçün təcili və konkret addımlar atmağa çağırıb”.
İsrailin baş naziri Benyamin Netanyahu orduya və təhlükəsizlik xidmətlərinə Qəzza zolağının cənubuna hücum və orada sığınacaq tapmış təxminən 1,4 milyon fələstinlinin didərgin salınması üçün plan hazırlamağı tapşırıb. Bu barədə daha əvvəl İsrail hökumətinin başçısının ofisi məlumat verib.
Rəfah Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. İsrailin hücumları nəticəsində didərgin düşən minlərlə fələstinli buraya sığınır. Şəhərdə Qəzza əhalisinin demək olar ki, yarısı – 2,3 milyon insan yaşayır.
İsrail əsgərləri sistematik olaraq Rəfaha hava zərbələri endirir. İsrailin Rəfahda quru əməliyyatına başlayacağı təqdirdə mülki əhalinin Qəzza zolağında gizlənəcək yerləri olmayacaq qorxusu var.
Gununsesi.info