Baydendən kritik toplantı: ABŞ hücuma necə cavab verəcək?

  • By admin
  • 30 Yanvar 2024 09:15

ABŞ prezidenti Co Bayden Suriya-İordaniya sərhədində 3 ABŞ əsgərinin öldüyü bazaya hücumdan sonra variantları müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını (MTŞ) toplayıb.

Gununsesi.info bildirir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden səhər saatlarında Ağ Evdə MTŞ üzvləri ilə görüş keçirib.

Görüşdə ABŞ-ın Suriya-İordaniya sərhədindəki “Qüllə 22” adlı bazasına 3 ABŞ əsgərinin şəhid olduğu hücumla bağlı proseslər hərtərəfli müzakirə edilib.

İclasda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, müdafiə naziri Lloyd Ostin, Milli Kəşfiyyatın direktoru Avril Hayns, eləcə də digər rəsmilər və MTŞ-nin Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk iştirak edib.

Digər tərəfdən, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ABŞ mediasına verdiyi açıqlamada, Baydenə bütün variantları təqdim etdiklərini və hücuma necə cavab veriləcəyinə ABŞ prezidentinin qərar verəcəyini bildirib.

İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən ABŞ qüvvələrinə pilotsuz təyyarə ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-ı yaralanıb.

“Biz bilirik ki, bunu Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar həyata keçirib”, – Bayden ilk bəyanatında bildirib. O, açıqlama verib.

Hücuma görə məsuliyyət daşıyanların ABŞ-ın seçdiyi vaxt və şəkildə cavab verəcəklərini qeyd edən Bayden, bu müharibədə mübarizəyə davam edəcəklərini vurğulayıb.

Gununsesi.info