
ABŞ prezidenti Co Bayden İsrailin zərbələri nəticəsində Qəzza zolağında çoxlu mülki itkilərin olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Ağ Ev rəhbəri bunu İordaniya kralı II Abdullah ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
“Son 4 aydır davam edən müharibədə Fələstin xalqı ağlasığmaz ağrı və itkilərə məruz qalıb. Bu qarşıdurmada minlərlə uşaq olmaqla 27 mindən çox günahsız fələstinli mülki şəxs həlak olub”, – Amerika lideri bildirib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Fələstin anklavının yüz minlərlə sakini qida, su və digər əsas ehtiyaclara çıxışı yoxdur.
“Bu, ürəkağrıdan vəziyyətdir. Qəzza zolağında itirilən hər bir günahsız insan faciədir”, – deyə Bayden bildirib.
Baydenin sözlərinə görə, ABŞ məhbusları azad etmək, Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək və ən azı 6 həftəlik humanitar fasilə ilə bağlı razılaşma üzərində işləyir.
Bayden İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində “yaxşı strukturlaşdırılmış plan olmadan” quru əməliyyatına başlamaması barədə əvvəlki bəyanatını təkrarlayıb. O vurğulayıb ki, 1 milyondan çox insanın sığındığı Rəfahın mülki əhalisi qorunmalıdır.
“Qəzza zolağında bir çox insanlar bir neçə dəfə köçkün olublar, onlar şimaldan cənuba (Qəzza zolağından) köçüblər və indi orada qalıblar. Bu insanlar qorunmalıdır. Biz Qəzza zolağında fələstinlilərin didərgin salınmasının əleyhinəyik”, – deyə Co Bayden bildirib.
Gununsesi.info