Baydendən Trampın sözlərinə kəskin REAKSİYA

  • By admin
  • 14 Fevral 2024 09:23

ABŞ prezidenti Co Bayden həm Ukrayna paketinə dəstək istəyib, həm də Ağ Evdə keçirdiyi mətbuat konfransında Trampı tənqid edib.

Gununsesi.info xəbər verir ki, Bayden Senat tərəfindən qəbul edilən və Ukrayna və İsrailə əlavə hərbi yardım nəzərdə tutan 95 milyard dollarlıq paketin Nümayəndələr Palatasında dərhal təsdiqlənməsini istəyib.

ABŞ tarixində heç bir prezidentin Rusiya qarşısında boyun əymədiyini vurğulayan Bayden Tramp haqqında bunları deyib:

“Tramp NATO-dakı bəzi müttəfiqlərimizi işğal etmək üçün Putinə dəvət göndərir. Bunu ABŞ-ın keçmiş prezidentinin dediyini təsəvvür edirsinizmi? Bunu bütün dünya eşitdi. Ən pisi də odur ki, o, bunu qəsdən deyib”.

NATO-nun azadlıq, təhlükəsizlik və milli suverenlik prinsipləri üzərində qurulduğunu xatırladan Bayden Trampın heç vaxt bu prinsiplərə əhəmiyyət vermədiyini və bunun yanlış olduğunu bildirib.

ABŞ prezidenti “NATO müqəddəs bir öhdəlikdir. Donald Tramp bunu bir yük kimi görür. NATO-ya baxanda Amerikanı və dünyanı qoruyan bir ittifaq görmür” deyib.

ABŞ-ın keçmiş prezidenti Tramp həftə sonu Cənubi Karolinada etdiyi çıxışda prezident olduğu dövrdə NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə qarşı Rusiyanın hər hansı hücumunun qarşısını almayacağı ilə hədələdiyini bildirib.

Başda prezident Co Bayden olmaqla NATO üzvü olan Avropa siyasətçiləri Trampın sözlərinə reaksiya verib.

Gununsesi.info