Baydenin kabusu reallığa çevrildi: ABŞ iki cəbhədə döyüşməli olacaq

  • By admin
  • 12 Oktyabr 2023 11:43

Baydenin ən çox qorxduğu şey baş verdi – ABŞ iki cəbhədə döyüşməli olacaq. Çox güman ki, İsrailə təcili yardım lazım olduğu üçün Ukraynaya dəstək xeyli azalacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Livanda nəşr olunan “An Nahar” qəzeti yazıb. Məqalədə qeyd olunur ki, ABŞ-ın iki cəbhədə döyüşməsi Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğu fonunda Rusiyaya daha bir “kozır” verəcək.

Yaxın Şərqdə yeni müharibə dünyanın diqqətini Rusiya-Ukrayna münaqişəsindən və Kiyevə yardımdan yayındırır.

Bayden Qəzza zolağı ilə İsrail arasında gərginliyin artmasından narazıdır. Yaxın Şərqdə vəziyyətin pisləşməsi beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir və Ukrayna xəbərlərdə arxa plana keçir. Bundan əvvəl qərbli ekspertlər Ukrayna Silahlı Qüvvələrinin 4 ay əvvəl başlayan və uğursuzluğa düçar olmuş əks-hücum əməliyyatına diqqət yetiriblər. Bu, Qərbin Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmasına səbəb olub.

Lakin HƏMAS İsraildəki hərbi hədəflərə və yaşayış məntəqələrinə qəfil hücum etdikdən sonra planlar kəskin şəkildə dəyişdi. Yüzlərlə israilli öldürüldü, əsir götürüldü və Qəzza zolağına aparılıb.

Bayden Təl-Əvivə təcili hərbi yardım göndərmək məcburiyyətində qalıb. ABŞ-ın “USS Gerald Ford” təyyarədaşıyan gəmisi Yaxın Şərqdə gərginləşən münaqişələr fonunda Şərqi Aralıq dənizinə gəlib.

Beləliklə, Ağ Evdəki mətbuat konfranslarının yeganə mövzusu Ukrayna olmaqdansa, İsrail əsas məsələyə çevrilib. Birləşmiş Ştatlar HƏMAS-ın Əl-Əqsa daşqını əməliyyatının təşkilatçısının İran olmasından ehtiyat edir. Vaşinqton Ər-Riyad və Təl-Əviv arasında münasibətlərin normallaşmasında “gizli vasitəçi” kimi çıxış etdiyi halda, bunun Tehranın təsirini artırmaq da daxil olmaqla, region üçün siyasi nəticələri ola bilər.

Bayden hazırda Yaxın Şərqdəki vəziyyəti belə görür. Onun əsas narahatlığı ondan ibarətdir ki, İordan çayının qərb sahilində və ya Livanda müharibə zonası genişlənməsin və yeni cəbhələr açılmasın, çünki bu, bütün Yaxın Şərq üçün fəlakətli nəticələrə səbəb olacaq. Buna görə də, son aylarda Amerika rəsmiləri dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahuya ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin İordan çayının qərb sahilində yeni təxribatlar törətmək istəyini cilovlamağı tövsiyə ediblər.

Vaşinqton yaxşı bilir ki, regionda münaqişənin gərginləşməsi nəyə gətirib çıxara bilər. Bununla belə, hökumətini qorumaq üçün Ben-Qvir və Smotriçin dəstəyinə ehtiyacı olan Netanyahu gərginliyi azaltmaq üçün heç bir iş görməyib və əksinə, İordan çayının qərb sahilindəki düşərgələrdə “profilaktik” əməliyyatları gücləndirib, Ben-Qvir isə Əl-Əqsa məscidinə vaxtaşırı hücumlar təşkil edib.  İsrail yaşayış məntəqələrinin davamlı şəkildə genişləndirilməsini, Şərqi Qüdsdə və İordan çayının qərb sahilində tamamilə İsrailin işğalı altında olan ərazilərdə Fələstin strukturlarının sökülməsini, ərazilərin müsadirəsini və sökülməsini də unutmayaq.

Fələstinlilərin səbrinin tükənəcəyi bir həddə çatmaqdan ehtiyatlanan Bayden administrasiyası Netanyahunun bir çox tələblərini yerinə yetirib, o cümlədən İsrailə fələstinlilərlə danışıqları bərpa etmək üçün təzyiq göstərməyib. Bundan başqa, ABŞ prezidenti Netanyahunun Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran konstitusiya dəyişikliklərini qəbul etməkdə israrlı olması səbəbindən aralarındakı münasibətlərin soyumasına baxmayaraq, nəhayət, İsrailin baş nazirini qəbul etməyə razılaşıb. Daha da əhəmiyyətlisi, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasında “pərdəarxası vasitəçi” kimi çıxış edir.

Qəzza zolağındakı müharibə Qərb üçün uyğun olmayan bir zamanda, yəni Ukrayna böhranının ortasında başlaması ilə yanaşı, Rusiyaya mühüm sövdələşmə imkanı verə bilər, çünki ABŞ və müttəfiqləri İsrailə bəzi hərbi və iqtisadi yardımlar göndərmək məcburiyyətində qalacaqlar.

Şübhə yoxdur ki, bu, Amerika üçün çox uyğunsuz və çaşqın vəziyyətdir.

Səid Əhmədli
Gununsesi.info