
ABŞ prezidenti Co Baydenin seçki qərargahı 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə gənc seçiciləri cəlb etmək üçün TikTok-da qeydiyyatdan keçmək imkanını müzakirə edir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Axio” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Baydenin seçki qərargahı hələlik bu platformadan istifadə etmir və TikTok-da qeydiyyatdan keçmiş bloqqerlər və Demokrat Partiyasının nümayəndələri vasitəsilə seçicilərə təsir göstərməyə çalışıb. “Axios”un xəbərinə görə, Demokratlar Partiyasının bir neçə rəsmisi bu yaxınlarda səsləri qarşıdan gələn seçkilərdə Demokratlar üçün xüsusilə vacib olan gənc nəsillərə çatmaq üçün TikTok səhifələri yaradıb. Bir neçə Amerika ştatının demokrat qubernatorları Çin sosial şəbəkəsində səhifələr əldə ediblər.
“Axios”a görə, Respublikaçılar Partiyasının nümayəndələri Çin hakimiyyətinin hesab sahiblərinin şəxsi məlumatlarına tətbiq vasitəsilə daxil ola biləcəyindən qorxduqları üçün TikTok-dan istifadə etməkdən çəkinirlər. Demokratların bu sosial şəbəkədə qeydiyyatdan keçmək ideyası ilə bağlı fərqli fikirləri var.
ABŞ hakimiyyəti dəfələrlə Çin sosial şəbəkəsi TikTok-dan istifadə ilə bağlı narahatlıqlarını ifadə edib. ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Çin sosial şəbəkəsi milli təhlükəsizliyə təhdid yaradır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin sözlərinə görə, Çin hakimiyyəti TikTok-un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı növ materialların yerləşdirilməsinə nəzarət etmək imkanına malikdir. ABŞ-ın 2023-cü maliyyə ili büdcəsinə dövlət işçilərinə proqramdan iş cihazlarında istifadə etməyi qadağan edən müddəa daxil edilib.
Qısa videolar yükləməyə imkan verən TikTok sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya şirkətidir. Platformanın aktiv istifadəçilərinin sayı 1 milyardı ötüb, onun tətbiqi 3 milyard dəfədən çox yüklənib.
Gununsesi.info