Baydenin oğlu 1.4 milyon dollarlıq vergini ödəməməkdə ittiham olunur - PREZİDENTİN OĞLUNA CİNAYƏT İŞİ AÇILDI

  • By admin
  • 08 Dekabr 2023 13:03

ABŞ Ədliyyə Nazirliyi dekabrın 7-də prezident Co Baydenin (Joe Biden) oğlu Hanter Baydenə (Hunter Biden) yeni cinayət ittihamları irəli sürüb.

Gununsesi.info-nun Qərb mediasına istinadən verdiyi xəbərə görə, o, 1.4 milyon dollarlıq vergini ödəməməkdə ittiham olunur.

Bu, Baydenin oğluna qarşı ikinci cinayət işidir.

56-səhifəlik ittiham aktına görə, H.Bayden doqquz maddə üzrə ittiham edilir – vergilərin ödənməməsi, vergini ödəməkdən yayınma, yalan, yaxud saxta vergi bəyannaməsinin təqdim olunması.

Prezident oğlunun 2016-2019-cu illərdə azı 1.4 milyon dollarlıq vergini ödəmədiyi qeyd olunur. İttihamnamədə göstərilib ki, kiçik Bayden 2016-2020-ci illərdə xarici iş sövdələşmələrindən 7 milyon dollardan çox gəlir əldə edib. Buraya Ukraynanın “Burisma” qaz şirkətinin direktorlar şurasında işinə, Çin investisiya fondunda iştirakına görə ödənişlər də daxildir.

Sənəddə o da vurğulanır ki, prezident oğlu vergi borclarını ödəmək əvəzinə “ekstravaqant” həyat tərzinə milyonlarla dollar xərcləyib. Prokurorlar bildirirlər ki, H.Bayden pullarını narkotik, eskort və qız dostlarına, dəbdəbəli otellərə, daşınmaz əmlak icarəsinə, bahalı avtomobillərə, geyimə, şəxsi xarakterli digər əşyalara xərcləyib.

Prezidentin oğlu təqsirli bilinərsə, 17 ilədək azadlıqdan məhrum oluna bilər.

Bu, artıq H.Baydenə qarşı ikinci cinayət işidir. O, sentyabrda 2018-ci ildə Delaver ştatında silah alışı ilə bağlı üç maddə ilə ittiham olunub. İş materiallarına əsasən, o, qanunsuz olaraq narkotikdən istifadə edib. 53 yaşlı prezident oğlu silah işi üzrə özünü təqsirli bilmir.

H.Baydenə yeni ittihamlar seçkiqabağı prezident kampaniyası fonunda irəli sürülür. Demokrat Co Bayden, eləcə də keçmiş respublikaçı prezident Donald Tramp (Donald Trump) seçkiyə gedəcəklərini açıqlayıblar.

Ağ ev prezident oğluna yeni ittihamları, hələlik, şərh etməyib.

 

Mais

Gununsesi.info