Baydenin səs üstünlüyü artır, Tramp nəticələri sual altına alır

  • By admin
  • 07 Noyabr 2020 09:25

 

Demokrat namizəd Co Baydenin Corciya və Pennsilvaniya ştatlarında Prezident Donald Tramp üzərində səs çoxluğunu genişləndirməkdədir. Hərçənd ki, səslərin sayılması tamamlanmayıb, hazırda Baydenin prezident seçkilərində qələbə çalmaq potensialı böyükdür.

Tramp kampaniyası hələ ki, “bu seçkinin bitmədiyini” deyərək, prezidentin cüzi səs fərqi ilə qızğın yarışların getdiyi ştatlarda qalib çıxacağını bildirir. Tramp kampaniyası həmçinin seçki saxtakarlığı və qanunauyğunsuzluqlarla bağlı əsaslandırılmamış iddialarla məhkəmələrə müraciət edib.

Gununsesi.info xəbər verir ki, Delaver ştatının Vilminqton şəhərində çıxış edən Co Bayden qələbəyə əmin olduğunu deyib.

“Bizdə hələ ki, yekun qələbə bəyannaməsi yoxdur, lakin rəqəmlər bizə aydın şəkildə deyir. Biz bu yarışı udacağıq,” deyə Demokrat namizəd 24 saat ərzind poçtla verilmiş səslərin sayılması nəticəsində Corciya və Pennsilvaniyada irəli çıxdığını, digər ştatlarda isə səs üstünülyünü genişləndirdiyini vurğulayıb.

“Biz 300-dən çox elektoral kollegiya səsləri (qələbə üçün cəmi 270 tələb olunur – red.) almağa doğru gedirik. Və ümummilli miqyasda rəqəmlərə baxın. Biz bu yarışı aydın çoxluqla, millət arxamızda olmaqla udacağıq.”

Bayden hazırda həm ümumi səsvermədə, həm də 253-214 səs fərqi ilə elektoral səslərdə öndə gedir. Prezident seçkisinin qalibi olmaq üçün namizədlərə 270 elektoral səs lazımdır.

Corciyanın 16, Pennsilvaniyanın 20 elektoral səslərini qazanmaq Baydenə 299 elektoral səs bəxş etmiş olur ki, bu da seçkiləri udmaq üçün kifayət qədər yetərlidir. Bayden həmçinin Arizona və Nevada ştatlarında öndə gedir ki, bu ştatlarda qələbə onun elektoral səslərini 316-a qaldıra bilər.

Seçkinin nəticəsini müəyyən edəcək dörd ştatda səslər hələ də hesablanmaqda davam edir: Arizona və Nevadada Bayden bir neçə gündür öndə olub, cümə günü gecə saatlarına olan məlumata görə isə Bayden Pensilvaniyada 13,500, Corciyada isə 1,579 səslə Trampdan önə çıxıb.

ABŞ-ın Elektoral Kollegiya sisteminə əsasən, Meyn və Nebraska istisna olmaqla hər bir ştatda səs çoxluğunu qazanan namizəd həmin ştatın bütün elektoral səslərini qazanır. Ştatların elektoral səsləri isə əhalilərinin sayına müvafiq müəyyən olunur.

Corciya ştatının Dövlət Katibi Brad Raffensperger deyib ki, Baydenin səs üstünlüyü 0.5%-dən az olduöu üçün ştatda səslər yenidən sayılacaq. Corciya rəsmiləri habelə 9,000 hərbçi və xaricdə olan vətəndaşların səslərinin hələ sayılmalı olduğunu bildirirlər.

Tramp kampaniyası həmçinin Baydenin 20,000 səs fərqi ilə öndə getdiyi Viskonsin ştatında səslərin yenidən sayılmasını tələb edir.

Tramp dəlil olmadan cümə axşamı Demokratları onun yenidən prezident seçilməsinin qarşısını almaq üçün kütləvi fırıldağa və pozuntulara əl atmaqda ittiham edib.

“Bu elə bir haldır ki, burada onlar seçkiləri oğurlamağa çalışırlar, onlar seçkini saxtalaşdırmağa çalışırlar və biz buna imkan verə bilmərik,” Tramp mətbuat konfransında bildirib.

Bayden isə günün əvvəlində ştatlarda rekord sayda verilən səslər sayıldığı vaxt səbrli olmağa çağırıb. Belə ki, bu ilki seçkilərdə 150 milyondan çox amerikalı səs verib.

“Hər bir bülleten sayılmalıdır. Və biz buna nail olunduğunu görəcəyik. Və belə də olmalıdır. Demokratiya bəzən səliqəsiz olur,” Bayden brifinqdə bildirib.

Hesablamalar davam edir

Bayden 11 elektoral səsə sahib Arizonada və 6 elektoral səsə sahib Nevadada üstünlüyünü qoruyub saxlasa, Corciya və Pennsilvaniyadakı səsvermənin nəticələrindən asılı olmayaraq tələb olunan 270 səsi əldə edərək yanvar ayında keçiriləcək inaqurasiyada ölkənin 46-cı prezidenti olacaq.

Tramp isə öndə gəldiyi bütün ştatlarda üstünlüyünü qoruyub saxlamalı, bundan əlavə isə hazırda Baydenin öndə olduğu Nevada və ya Arizonada qalib gəlməlidir.

Pennsilvaniya və Corciyada səslər hesablanmağa davam etdikcə Trampın üstünlük təşkil etdiyi səslərin sayı azalıb. Pennsilvaniya ştatının dövlət katibi Kati Bukvar cümə axşamı yerdə qalan səslərin demək olar hamısının poçtla göndərilən bülletentlərin olduğunu söyləyib. Poçtla göndərilən səslərdə isə Bayden əhmiyyətli üstünlüyə malikdir.

Baydenin kampaniyası tərəfdarlarını koroanvirus pandemiyası zamanı poçtla səs verməyə çağırıb, Tramp isə dəlil irəli sürmədən poçtla səsverməni sual altına alıb.

Tramp Baydenin xeyrinə çıxan son səslərin Demokrat qubernatorları olan ştatlardakı saxtakar seçki aparatı tərəfindən seçkiyə mümkün müdaxilənin nəticəsi olduğunu söyləyib.

“Biz bütün mühüm yerlərdə çox böyük fərqlə ilə öndə gəlirdik, sonra isə bizim səslərimiz möcüzəvi bir şəkildə azalmağa başladı,” Tramp deyib.

Tramp hələ də rəsmi olaraq elan olunmayan iki ştatda Alyaska və Şimali Karolinada böyük səs fərqi ilə öndədir.

Bayden ümummilli seçkidə 73.5 milyon səslə 69.5 milyon səs alan Trampdan öndədir. Lakin seçkinin yekun qalibini Elektoral Kollegiya müəyyən edəcək.

 

Gununsesi.info